Tarix fakültəsində “Prometeyçilik hərəkatında Azərbaycanlı mühacirlərin rolu” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
13 may 2026-cı il tarixində Tarix fakültəsinin “Slavyan ölkələri tarixi” kafedrasının doktorantı Zərifə Əsgərxanın “Prometeyçilik hərəkatında Azərbaycanlı mühacirlərin rolu” mövzusunda elmi seminarı keçirilmişdir. Seminar zamanı XX əsrin birinci yarısında Azərbaycan mühacirətinin siyasi fəaliyyəti, onların beynəlxalq münasibətlər sistemində tutduğu yer və xüsusilə Prometeyçilik hərəkatı çərçivəsində oynadıqları rol geniş şəkildə araşdırılmışdır.
Məruzədə qeyd edilmişdir ki, Prometeyçilik hərəkatı I Dünya müharibəsindən sonra Polşa dövlətinin rəhbərliyi tərəfindən formalaşdırılmış mühüm geosiyasi və ideoloji konsepsiyadır. Bu konsepsiyanın əsas məqsədi Sovet Rusiyasının tərkibində olan qeyri-rus xalqların milli azadlıq mübarizəsini dəstəkləmək, onları vahid platformada birləşdirərək imperiyanı daxildən zəiflətmək və nəticədə müstəqil dövlətlərin yaranmasına şərait yaratmaq olmuşdur. Hərəkat öz adını yunan mifologiyasındakı Prometey obrazından götürərək azadlıq və maarifçilik ideyalarını təcəssüm etdirmişdir. 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin süqutundan sonra ölkənin siyasi və intellektual elitasının böyük hissəsi Avropaya mühacirət etmiş və bu mühacirət mühiti qısa müddətdə təşkilatlanaraq beynəlxalq səviyyədə fəaliyyət göstərən siyasi mərkəzə çevrilmişdir. Azərbaycanlı mühacirlər Prometeyçilik hərəkatında fəal iştirak etməklə yanaşı, onun ideoloji istiqamətinin formalaşmasında mühüm rol oynamışlar. Məruzədə vurğulanmışdır ki, Azərbaycan mühacirlərinin fəaliyyəti əsasən üç istiqamətdə cəmlənmişdir: ideoloji mübarizə, təşkilati fəaliyyət və geosiyasi əsaslandırma. İdeoloji mübarizə çərçivəsində onlar Avropa mətbuatında çıxış edərək sovet rejiminin mahiyyətini ifşa edir, milli azadlıq ideyalarını təbliğ edirdilər. Təşkilati fəaliyyət baxımından Varşava, Paris və İstanbul kimi şəhərlərdə müxtəlif mərkəzlər yaradılmış, digər Qafqaz və Şərqi Avropa xalqlarının nümayəndələri ilə əməkdaşlıq qurulmuşdur. 1927-ci ildə yaradılmış Azərbaycan Milli Mərkəzi mühacirətin əsas siyasi təşkilatı kimi fəaliyyət göstərmiş və müxtəlif ölkələrdə yaşayan azərbaycanlıları vahid məqsəd ətrafında birləşdirmişdir. Bu təşkilat vasitəsilə Azərbaycan məsələsi beynəlxalq platformalarda koordinasiyalı şəkildə təqdim olunmuşdur. Məruzədə Prometeyçilik hərəkatı çərçivəsində əldə edilmiş mühüm siyasi nəticələrdən biri kimi 1934-cü ildə imzalanmış Qafqaz Konfederasiyası Paktı xüsusi qeyd edilmişdir. Bu sənəd Qafqaz xalqlarının gələcəkdə birgə siyasi və hərbi əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməsini nəzərdə tuturdu və regionun gələcək siyasi modelinə dair mühüm baxışları əks etdirirdi. Seminar zamanı mühacir mətbuatının fəaliyyəti də geniş şəkildə işıqlandırılmışdır. Qeyd edilmişdir ki, müxtəlif dillərdə nəşr olunan qəzet və jurnallar vasitəsilə sovet rejiminin repressiyaları ifşa edilir, Azərbaycanın müstəqillik ideyası beynəlxalq ictimaiyyətə çatdırılırdı. Bu nəşrlər Avropada antisovet ictimai rəyin formalaşmasında mühüm rol oynamışdır. Bununla yanaşı, II Dünya müharibəsi ərəfəsində və müharibə dövründə mühacirlərin üzləşdiyi çətinliklər də təhlil edilmişdir. Xüsusilə vurğulanmışdır ki, mürəkkəb siyasi şəraitə baxmayaraq, azərbaycanlı mühacirlər öz milli mövqelərini qorumuş, müxtəlif siyasi təzyiqlərə baxmayaraq prinsiplərindən geri çəkilməmişlər. Sonda belə nəticəyə gəlinmişdir ki, Azərbaycan mühacirləri Prometeyçilik hərəkatında yalnız iştirakçı deyil, həm də onun ideoloji və siyasi istiqamətini müəyyən edən əsas qüvvələrdən biri olmuşdur. Onlar Azərbaycanın müstəqillik ideyasını qoruyaraq beynəlxalq səviyyədə təbliğ etmiş və müasir dövlətçiliyimizin formalaşmasına mühüm mənəvi və siyasi miras qoymuşlar.
Seminarın sonunda iştirakçılar mövzu ətrafında müzakirələr aparmış, müxtəlif suallar səsləndirilmiş və məruzəçi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.