Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasında “Azərbaycan ruhaniliyi milli oyanış dövründə (XIX yüzilin sonu – XX yüzilin əvvəlləri)” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
15 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rəsul Hüseynlinin “Azərbaycan ruhaniliyi milli oyanış dövründə (XIX yüzilin sonu – XX yüzilin əvvəlləri)” mövzusunda elmi seminarı keçirilib. Elmi seminarı açıq elan edən kafedra müdiri dosent Mehman Abdullayev bildirib ki, seminar Azərbaycan tarixinin böyük əhəmiyyət kəsb edən mövzularından birinə həsr olunub. Ümummilli lider Heydər Əliyev 1997-ci ildə Akademiyada ziyalılarla görüşündə məhz XIX-XX əsrlər tarixinin indiyədək az öyrənilmiş, təhrif olunmuş, qaranlıq qalmış və heç öyrənilməmiş mövzulara xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamışdır. Bu baxımdan Rəsul Hüseynlinin araşdırdığı bu mövzu Azərbaycanın XIX-XX əsrlər tarixinin çox az öyrənilmiş problemlərindən birini təşkil edir.
Məruzəçi dosent Rəsul Hüseynli əsas diqqəti mövzunun aşağıdakı istiqamətlərinə yönəltdi: 1. Ruhaniliyin müsəlman dövlətləri ilə əlaqələri və Rusiya hökumətinin onlara qarşı tədbirləri; 2. Ruhanilik milli mətbuatda; 3. XX əsrin başlanğıcında çarizmin ruhaniliyə dair siyasəti; 4. Dini-etnik münaqişələr və müsəlman din xadimləri; 5. Ruhanilik I Dünya savaşı illərində
Məruzəçi bildirdi ki, Rusiya imperiyasının müstəmləkəçilik siyasətində iqtisadi ekspansiya və milli ayrı-seçkiliklə yanaşı, dini-ideoloji və mədəni-mənəvi basqı siyasəti də əsas yer tuturdu. Azərbaycanın müsəlman din xadimləri XIX əsrin ikinci yarısında formalaşmağa başlayan milli özünüdərk prosesində bu və ya digər şəkildə iştirak edirdilər. Hələ milli ideologiyanın yaranmadığı, milli ziyalılar təbəqəsinin yenicə yarandığı və əhali arasında milli təəssübkeşlik hisslərinin zəif olduğu şəraitdə ruhani zümrəsi ictimai-siyasi proseslərdə mühüm rol oynayırdı.
Rəsul Hüseynli qeyd etdi ki, ruhani zümrəsinin müsəlman dünyası, ilk növbədə Osmanlı imperiyası və Qacar səltənəti ilə əlaqələri Rusiya imperiya dairələrini çox narahat edirdi. Bundan başqa, mütərəqqi fikirli ruhanilərin mətbu orqanlarında xalqı müsəlman dünyasında baş verən azadlıq hərəkatları barədə məlumatlandırması, ermənilərin vasitəsilə xalqımıza qarşı yeridilən soyqırıma müqaviməti təşkil edən siyasi partiyalara qoşulması kimi fəaliyyətləri çar məmurlarını təşvişə salırdı.
Dosent Rəsul Hüseynlinin “Azərbaycan ruhaniliyi milli oyanış dövründə (XIX yüzilin sonu – XX yüzilin əvvəlləri)” mövzusunda keçirdiyi elmi seminarı iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, diqqətlə dinlənildi. Elmi seminar tamamlandıqdan sonra, dosent Mehman Abdullayev və iştirakçılar mövzu ilə bağlı öz fikirlərini bölüşdülər, başlıca məsələlərə öz yanaşmalarını bildirdilər. Müzakirələr yüksək akademik səviyyədə keçirildi.