Tarix fakültəsində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib
-lg.jpg)
07.10.2026-cı il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Addım-addım Zəfərə…” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev və Azərbaycan tarixi (humanitar fakültələri üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində yaratdığı dönüş nöqtəsindən bəhs olunub. Qeyd edilib ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın uzun illər davam edən torpaq həsrətinə son qoyan, Azərbaycan Ordusunun gücünü və xalqımızın sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirən tarixi Zəfərlə nəticələnib.
Tədbir Tarix fakültəsinin II kurs tələbəsi Dilrubə Hidayətlinin “Xudayar təsnifi” ifası ilə davam edib.
Daha sonra çıxış üçün Tarix fakültəsinin məzunu, 44 günlük Vətən müharibəsinin iştirakçısı, qazi Maqsud Müslümova söz verilib. Qazi öz çıxışında müharibə xatirələrini bölüşüb və Zəfərin əldə olunmasında Azərbaycan əsgər və zabitlərinin göstərdiyi şücaətdən bəhs edib.
Tədbir çərçivəsində Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tələbələrin Azərbaycan bayrağı ətrafında birləşərək təqdim etdikləri kompozisiya nümayiş olunub.