Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində I kurs tələbələri ilə görüşü keçirilib
-lg.jpg)
30.09.2026 tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsində Tarix fakültəsinin tələbə təşkilatlarının və Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən klubların I kurs tələbələri ilə görüşü keçirilib.
Görüşdə Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov, fakültə nəzdində və universitetdə fəaliyyət göstərən müxtəlif təşkilat və klubların nümayəndələri, eləcə də I kurs tələbələri iştirak ediblər.
Tədbir zamanı tələbələrə fakültənin ictimai və tələbə həyatında fəal iştirak edən təşkilat və klublar haqqında ətraflı məlumat verilib. Görüşdə THİK, TGT və “BDU Könüllüləri” Təşkilatlarının fəaliyyəti, eləcə də Tarix fakültəsi nəzdində fəaliyyət göstərən “İstiqlal”, “Ekskursiya” və “İdman” klubları, həyata keçirdiyi layihələr və tələbələr üçün yaratdığı imkanlardan bəhs olunub.
Görüşdə təşkilat və klubların rəhbərləri çıxış edərək tələbələri fəaliyyət istiqamətləri ilə tanış ediblər. THİK sədri Əsgər Mehdiyev, TGT sədri Sadiq Məmmədov, “BDU Könüllüləri” Təşkilatının sədri Nesrin Ağayeva, “İstiqlal” klubu sədri Ayan İsmayılova, “İdman” klubu sədri Ümid Rüstəmli və “Ekskursiya” klubunun sədri Aysun Mahmudova tələbələrə rəhbərlik etdikləri təşkilat və klubların fəaliyyəti barədə məlumat veriblər.
Çıxışlar zamanı tələbələrin universitet həyatında fəal iştirakının, müxtəlif sosial, mədəni, elmi və ictimai layihələrdə təmsil olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda tələbələrə təşkilat və klublara üzvlük, fəaliyyət istiqamətləri və qeydiyyat prosesi barədə ətraflı məlumat verilib.
Görüş I kurs tələbələrinin universitet və fakültə daxilində fəaliyyət göstərən təşkilat və klublarla daha yaxından tanış olmalarına və tələbə həyatında fəal iştirak imkanları haqqında məlumat əldə etmələrinə şərait yaradıb.