Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 1919-cu il 01 sentyabr tarixli qərarı ilə yaradılmışdır. BDU 2 fakültə - Tarix-filoloji fakültəsi və Tibb fakültəsi ilə fəaliyyətə başlamışdır.
Tarix-filoloji fakültəsinin ilk binası (1919) | Tarix-filoloji fakültəsinin ilk məzunları (1925) |
BDU-nun şanlı, şərəfli tarixinin ən böyük nailiyyətlərindən biri xalqımızın milli təfəkkür və düşüncəsinin formalaşmasında, inkişafında misilsiz xidməti olan, bu təhsil ocağı ilə eyni vaxtda yaranan və bu günümüzə qədər birgə addımlayan, bütün çətinlikləri birgə həll edən Tarix fakültəsidir. Avropa və Asiyanın qovşağında, Azərbaycan xalqının tarixinə yazılan yeni parlaq səhifənin ilk sətirləri Tarix-filoloji fakültəsi oldu.
Noyabrın 15-də fəaliyyətə başlayan Universitetdə ilk mühazirə Tarix-filoloji fakültəsində Ümumi tarix fənnindən olmuşdur. Tarix fakültəsi 1930-cu ildə Universitet bağlanana qədər müxtəlif adlar ilə (İctimai elmlər fakültəsi, Pedaqoji fakültə) fəaliyyətini davam etdirmişdir. 1934-cü ildə Universitet yenidən təşkil edilərkən Tarix fakültəsi müstəqil fakültə olaraq yaradılmışdır.
Fakültə 1919-cu ildə təsis olunarkən ona 509 tələbə və 95 azad dinləyici (604 nəfər) qəbul edilmişdi. 1920-1921-ci illərdə fakültədə 13 professor, 5 dosent, 6 müəllim, 1 elmi işçi – cəmi 21 nəfərlik elmi-pedaqoji heyət çalışmışdır. Onlar fakültədə elmi-pedaqoji işin təşkili və milli kadrların hazırlanması işinə böyük əmək sərf etmişlər.
Hazırda Tarix fakültəsində 141 nəfər professor-müəllim heyəti, o cümlədən 1 nəfər AMEA-nın həqiqi üzvü, 19 nəfər professor, 48 nəfər dosent və 44 nəfər müəllim çalışır.
Fakültədə təhsil forması əyani və qiyabidir. Təhsil Azərbaycan, rus və ingilis dillərində aparılır. 1970 nəfər bakalavriat təhsil pilləsində , 160 nəfər isə magistratura səviyyəsində təhsil alır.
Tarix-filoloji fakültəsi üzrə verilmiş ilk diplom (1922)
Azərbaycan Xalq Cümhuriyyəti dövründə tərəqqipərvər ziyalıların təşəbbüsü ilə yaradılmış Tarix fakültəsinin Azərbaycan xalqının milli mənlik şüurunun formalaşmasında misilsiz xidmətləri olmuşdur. 30-cu illərin repressiyaları Azərbaycanın tarix elminə və tarixçi kadrların formalaşmasına da ağır zərbə vurmuşdur. Həmin çətin şəraitdə belə Tarix fakültəsində struktur dəyişiklikləri aparılır, kadr hazırlığı davam etdirilir və təkmilləşdirilirdi. Keçən əsrin 70-80-ci illəri Tarix fakültəsinin inkişafında yeni mərhələ hesab edilir. 80-ci illərin sonlarından başlayaraq, milli-azadlıq hərəkatının önündə olan Tarix fakültəsi Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə mərkəzində olmuş, milli ideologiyanın formalaşması, milli dövlətçiliyin, sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında fakültənin professor-müəllim və tələbə heyəti öz sözünü demişdir. Bu dövrdə Tarix fakültəsi respublikada mühüm demokratik fikir mərkəzinə çevrilmişdi. Tarix fakültəsi kollektivinin təşəbbüsü və Elmi Şurasının təklifi ilə Universitetin tarixi adı – Bakı Dövlət Universiteti adı bərpa edilmişdi.
Görkəmli dövlət xadimi, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin məzun olduğu Tarix fakültəsinin 1957-ci il buraxılışı
Fəaliyyət göstərdiyi müddətdə Tarix fakültəsi respublikanın dövlət idarələri, elm, maarif və mədəniyyət sahələri üçün minlərlə yüksəkixtisaslı tarixçi kadrlar hazırlamışdır. Azərbaycanın bir çox görkəmli elm, mədəniyyət və dövlət xadimləri Tarix fakültəsinin yetirmələridir. Azərbaycanın dahi dövlət xadimi, dünya şöhrətli siyasətçi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Bakı Dövlət Universiteti və bir sıra xarici ölkə universitetlərinin fəxri doktoru, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Tarix fakültəsinin məzunudur.
Tarix fakültəsinin təşəkkülündə və inkişafında, həmçinin tədrisin təşkilində görkəmli elm xadimləri və fakültənin məzunları Boris Tixomirov, Pantaleymon Juze, Əziz Qubaydullin, Aleksandr Makovelski, Heydər Hüseynov, Bəkir Çobanzadə, Vəli Xuluflu, Ədhəm Şahmalıyev, Mehdixan İrəvanski, İsaq Cəfərzadə, İsmayıl Hüseynov, Məmmədəli Hüseynov, Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Məmməd Səlimov, Mehbalı Qasımov, Həsən Dadaşov, Əkbər Dadaşlı, Yevgeni Tokarjevski, Məmməd Şıxlı, Ziya Bünyadov, Cəmil Quliyev, Zülfəli İbrahimov, Əliövsət Quliyev, İqrar Əliyev, Yaqub Mahmudov, Teymur Bünyadov, Seyfəddin Qəndilov, Səfyar Musayev, Aslan Atakişiyev, Əli Əliyev, Yusif Səfərov, Zakir Abdullayev, Məmməd Qazıyev, Səidə İmanzadə, Miryusif Mirhadıyev, Ruhulla Orucov, Bəxtiyar Əhmədov, Qurban Bayramov, Musa Qasımlı, Süleyman Əliyarlı, Seyidağa Onullahi, Tofiq Vəliyev, Məhəd Sofiyev, Qüdrət İsmayılzadə, Əsməd Muxtarova, Məmməd Fətəliyev, İbrahim Zeynalov, Anar İsgəndərov, Rəfael Süleymanov, Əmrah Dadaşov, Zabil Bayramov, Tahir Baxşəliyev, Xəqani Məmmədov, İdris Ağayev, Lətifə Həsənova, Qabil Əliyev, Kərim Şükürov, Sevda Süleymanova, Nisbət Mehdiyeva, İsmayıl Məmmədov, Sevda Hüseynova, Tarix Dostiyev, Sani Hacıyev, İradə Hüseynova, Elmira Hüseynova, Cəmilə Rüstəmova, Fazil Baxşəliyev, Fəzail İbrahimli, Kərəm Məmmədov, Səidə Əliqızı, Mirheydər Mirzəyev, Faiq Əliyev, Aydın Musayev, Azad Rzayev, Rövşən Hətəmov, Boran Əziz, Gülnar Useynova və digər tanınmış tarixçi alimlərin mühüm xidmətləri olmuşdur.
Tarix-filologiya fakültəsinə Nikolay Dubrovski (1919-1923), İctimai elmlər fakültəsinə (1923-1925) Leonid İşkov (1923-1924; 1925-1927) və Aleksandr Makovelski (1924-1925), Pedaqoji fakültəyə (1925-1930) Leonid İşkov (1923-1927), Tağı Şahbazi, Pyotr Petroviç Fridolin, Tarix fakültəsinə Boris Tixomirov (1934-1937), V.Budaqyan (1937-1938), Mehbalı Qasımov (1938), A.K.Gerval, M.S.Mahmudov, K.V.Lukyanov, Tiqran Petrosyan (1941), Zülfəli İbrahimov (1948), Məmməd Şıxlı (1948-1950), Əliövsət Quliyev (1950-1952), Qəzənfər Mehdiyev (1953-1957), Məmməd Əfəndiyev (1957-1960), Məlik Orucov (1960-1964), Səidə İmanzadə (1964), Xəlil Əlimirzəyev (1964-1966), Zakir Abdullayev (1967-1970), Məmməd Qazıyev (1970-1977), Mahal Məmmədov (1977-1980), Miryusif Mirhadıyev (1980-1986), Yaqub Mahmudov (1986-1990; 1994-2005), Eldar İsmayılov (1991-1994), Sani Hacıyev (2005-2011), Azad Rzayev (2012-2019) rəhbərlik etmişlər. 2019-cu ildən fakültəyə professor İbrahim Zeynalov rəhbərlik edir.
Tarix fakültəsi yarandığı gündən fakültənin professor-müəllim heyəti dünya və Azərbaycan tarix elminin müxtəlif sahələrinə və dövrlərinə aid qiymətli elmi nəticələr əldə etmiş və tədqiqat əsərləri yazıb çap etdirmişlər. Ali və orta məktəblər üçün tarix dərsliklərinin hazırlanması prosesinə Tarix fakültəsində başlanılmışdır və bu gün də fakültənin professor-müəllim heyəti dərsliklər və ali məktəblərə qəbul proqramlarının hazırlanması prosesində fəal iştirak edirlər. Tarix fakültəsində yerinə yetirilmiş mühüm elmi-tədqiqat işlərinin nəticələri AMEA-nın illik hesabatlarına daxil edilir.
1941-ci ildə Azərbaycan tarixi kafedrasının yaradılması bütünlükdə Azərbaycan tarix elmində və fakültənin həyatında mühüm hadisə oldu. Sovet dövründə milli respublikaların tarixinin öyrənilməsi və tədrisinə çoxsaylı əngəllərin olduğu ağır şəraitdə bu, mühüm nailiyyət və riskli addım idi. Kafedranın tərkibi müəyyən edildikdən sonra Universitetin bütün fakültələrində Azərbaycan tarixinin tədrisi tətbiq edildi.
Professor Zülfəli İbrahimovun sədrliyi ilə Azərbaycan tarixi kafedrasının iclası (1950) | Professor Məmmədli Hüseynov arxeoloji qazıntılar tapıntılar barədə məlumat verir (1980) |
1944-cü ilin may-iyun aylarında ÜK(b)P MK-nın rəhbərliyi ilə tarixçilərin Ümumittifaq müşavirəsi keçirilmiş və orada qərar qəbul edilmişdi ki, çar Rusiyası heç bir ölkəni işğal etməyib, onlar özləri Rusiyanın tərkibinə daxil olaraq onunla könüllü birləşiblər. Onların fikrincə bu yalnız “mütərəqqi” hal olmuşdur. Lakin Tarix fakültəsinin məzunu akademik Heydər Hüseynovun Stalin mükafatına layiq görülmüş və 1949-cu ildə çap olunmuş “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən” adlı kitabında yuxarıda göstərilən konsepsiya göstərilməmişdi. Kitabda muridizm və Şeyx Şamil hərəkatı çarizmin müstəmləkə zülmünə qarşı çıxan bir hərəkat kimi müsbət qiymətləndirilmiş, hətta müridizmin Azərbaycanda da mövcud olduğu, sosial hərəkat kimi çarizmin müstəmləkəçilik zülmü əleyhinə çevrildiyi göstərilmişdi. Bu mövqe çar Rusiyasının işğalçılıq siyasətini tənqid edən ilk yanaşma hesab edilir. Rəsmi konsepsiyaya qarşı növbəti çıxış 1969-cu illərin sonunda Süleyman Əliyarovun “Quzey Azerbaycanın Rusiya ilə birləşdirilməsi və iqtisadi vəziyyət” adlı doktorluq dissertasiyasında (bu işin müdafiəsinə imkan verilməmişdi) əks olunur. O, SSRİ-dəki rəsmi konsepsiyanın – Azərbaycanın Rusiya imperiyasına könüllü birləşməsi, bunun mütərəqqi tarixi hadisə olması haqqındakı fikirlərin əksinə olaraq Rusiyanın torpaqlarımızı milli-qırğın hesabına, hərbi müdaxilə yolu ilə işğal etməsini arxiv materialları əsasında sübut etmişdi. Bu elmi nəticə partiyalılıq prinsiplərindən kənara çıxdığı üçün çoxsaylı tənqidlərə məruz qalsa da, Azərbaycanın görkəmli alimləri Bəxtiyar Vahabzadə, Mahmud İsmayılov, Ziya Bünyadov və digərləri tərəfindən müdafiə edildi. 70-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycanın Rusiyaya məcburi birləşdirilməsi fikri ilə çıxış edən alimlərə qarşı təzyiqlərin qarşısını alır. Sonralar - 1994-cü ildə BDU-nun 75 illik yubileyində bu konsepsiyanın doğru olduğunu öz çıxışında təsdiq edərək demişdi: “1968-ci ildə mən Respublika Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitetdə bir neçə alim Azərbaycanın tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir... ya da məcburi girmişdir. ... O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi... mən bilirəm ki, o adamların hamısı indi də fəaliyyətdədirlər, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşlar”. Ümumiyyətlə, həmin dövrdə elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı təzyiqlər, təqib və təhqirlər Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda qorxmaz, cəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbaycanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı.
Fakültənin alimləri bəşəriyyətin yaranması və inkişafı prosesinin öyrənilməsi sahəsində dünya elminə böyük töhfə vermişdir. 1968-ci ilin iyununda Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Məmmədəli Hüseynov Füzuli rayonunun 17 km-də yerləşən Azıx mağara düşərgəsinin V təbəqəsindən 350-400 min il bundan əvvələ aid olan ibtidai insana məxsus çənə sümüyünü tapdı. Bu tapıntı dünyada ən qədim insan məskənlərindən biri kimi Azıx mağarasının Azərbaycanın ən qədim paleolit düşərgəsi olduğunu və ölkəmizdə ən qədim daş alətlərin buradan tapıldığını sübut etdi. Azıx mağara düşərgəsində aparılan kompleks tədqiqatlar, arxeoloji materialların müqayisəli təhlili – Quruçay arxeoloji mədəniyyətinin 1,8-2 milyon il bundan əvvəl başlayıb 750 min il bundan əvvəllərədək mövcud olduğunu təsdiqləməyə də imkan vermişdir. Quruçay mədəniyyətinə aid edilən əmək alətləri göstərir ki, Avroasiya ərazisində ilkin insan yurdu Azərbaycandan tapılmışdır. Bu fakt dünya sivilizasiya mədəniyyətinin başladığı qədim ölkələrdən birinin Azərbaycan olduğunu sübut etmişdir.
Tarix fakültəsi 103 illik tarixi dövründə yüksəkixtisaslı tarixçi kadrlar hazırlayan nüfuzlu təhsil və elm mərkəzinə çevrilmiş, Azərbaycanda tarix elminin və mədəniyyətin inkişafına güclü təkan vermişdir.
Tarix fakültəsinin bazasında 1922-ci ildə Şərq fakültəsi, 1991-ci ildə Beynəlxalq hüquq və beynəlxalq münasibətlər (hazırda Beynəlxalq münasibətlər və İqtisadiyyat), Sosial elmlər və psixologiya fakültələri yaradılmışdır.
1991-ci ildə Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması həyatın bütün sahələrində olduğu kimi tarixçi kadrların hazırlanması sahəsində də keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdu. Bu səbəbdən də, XX əsrin 90-cı illəri – XXI əsrin əvvəllərində fakültədə islahatlar aparılır, struktur dəyişikləri edilir. Bu dövr Tarix fakültəsində təkcə elmi-pedaqoji kadr hazırlığı sahələrində deyil, həm də yüksəkixtisaslı tarixçi kadrlar hazırlanması sahəsində xüsusi mərhələ təşkil edir. Müasir dövrün tələblərinə cavab verən tarixçi kadrların hazırlanması istiqamətində yeni mühüm tədbirlər həyata keçirilmişdi: tarixçi tələbələrin dil və kompüter hazırlığına, nadir ixtisaslar üzrə (tarixi demoqrafiya, mənbəşünaslıq, tarixşünaslıq, muzeyşünaslıq, diyarşünaslıq, etnologiya) mütəxəssislər hazırlanmasına diqqət artırılmış, bu məqsədlə yeni elmi bölmələr, mərkəzlər və kafedralar yaradılmış, Tarix fakültəsinin qəbul planı artırılmışdır.
Tarix fakültəsində tədris edilən fənlər insan yaradılışından bu günümüzədək baş vermiş mühüm hadisələri, bu hadisələrin cəmiyyətə təsirini, aktuallığını və əhəmiyyətini, özünəməxsusluqlarını təhlil etmək qabiliyyətinin yaradılmasını əks etdirir. Tarix elminin mənimsəməsi və tədrisin praktik əhəmiyyətini gücləndirmək məqsədilə tələbələr respublikada aparılan arxeoloji qazıntılara və elmi tədqiqat mərkəzləri ilə əməkdaşlığa cəlb edilirlər, arxiv və muzeylərdə təcrübəyə göndərilirlər.
Yarandığı dövrdən başlayaraq, Tarix fakültəsinin respublikanın tarixçi kadr hazırlığı istiqamətində rolu danılmazdır. Burada alimlik dərəcəsi verən İxtisaslaşdırılmış Elmi Şura fəaliyyət göstərir və şuralar tarix elminin bütün sahələri üzrə elmlər namizədi, elmlər doktorları hazırlanmasında mühüm rol oynamışdır.
Tarix fakültəsində akademik heyətlə yanaşı gənclər də elmi tədqiqatla məşğul olur, Tələbə Elmi Cəmiyyəti (TEC) fakültədə fəaliyyət göstərən ilk tələbə təşkilatlarından biridir və tanınmış tarixçi alimlərin böyük əksəriyyəti vaxtilə fakültə TEC-nin üzvü olmuş, elmdə ilk addımlarını bu cəmiyyətdə atmışlar. Fakültə TEC-i müntəzəm olaraq Azərbaycan tarixinin müxtəlif problemlərinə həsr olunmuş, həmçinin Azərbaycan tarixinin əlamətdar günləri ilə əlaqədar konfranslar keçirir. Tarixçi tələbələr beynəlxalq və respublika miqyaslı bir çox elmi tədbirlərdə də iştirak edir, müxtəlif mükafatlara layiq görülürlər.
2008-ci il sentyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tarix fakültəsinin də yerləşdiyi yeni tədris korpusunun açılışında iştirak etmiş, Tarix fakültəsində olmuş, Azərbaycan xalqının ümummilli lideri – Tarix fakültəsinin məzunu Heydər Əliyevə həsr edilmiş stendlə, fakültənin kafedraları, auditoriyaları, akt zalı ilə tanış olmuşdur. Son illərdə Universitetlə yanaşı, Tarix fakültəsinin də maddi-texniki bazası xeyli möhkəmlənmişdir.
Tarix fakültəsi növbəti yüzilliyə yeni hədəflərlə qədəm qoyur. Tədrisin və elmin keyfiyyətinin yüksəldilməsi istiqamətində müasir proqramlar və islahatlar fakültənin professor-müəllim və tələbə heyəti tərəfindən əsas götürülür. Sözsüz ki, bütün bunlar Tarix fakültəsinin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Fakültənin 100 illiyinə həsr olunmuş çox saylı tədbirlər, o cümlədən respublika elmi konfransı keçirilmişdir.
XXI əsrin ilk onilliklərində müstəqil Azərbaycanın dövlət quruculuğunun durmadan inkişaf etdirilməsini, müstəqilliyinin əbədiliyini, gələcək xoşbəxtliyini təmin edəcək gənc kadrların yetişdirilməsi yolunda Tarix fakültəsi öz üzərinə düşən tarixi missiyasını şərəflə, ləyaqətlə davam etdirməkdədir.