Tarix fakültəsində “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerjiyə keçid” mövzusunda elmi seminar keçirildi
-lg.jpg)
13 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrası təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı siyasi elmlər doktoru, professor Elman Nəsirovun “Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: ənənəvi enerjidən “yaşıl enerjiyə keçid”” mövzusunda elmi seminarı keçirildi.
Elmi seminarı açıq elan edən Tarix fakültəsinin dekanı İbrahim Zeynalov bildirdi ki, Azərbaycan Respublikası Milli Məclisinin deputatı siyasi elmlər doktoru, professor Elman Nəsirov Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunudur və o, bu yaxınlarda tələbələrin istifadəsinə verilmiş Azərbaycan auditoriyasında keçirilən ilk elmi seminara məruzəçi olaraq dəvət olunmuşdur. Mövzunun aktuallığı haqqında danışarkən dekan tələbələrə müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin milli təhlükəsizliyinin əsas istiqamətlərindən biri hesab olunan enerji təhlükəsizliyi və Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasətinin mahiyyəti haqqında qısa məlumat verdi və bildirdi ki, enerji resurslarına sahib olmaq, onların səmərəli idarə olunması və dünya bazarına təhlükəsiz şəkildə çatdırılması ölkələrin iqtisadi və siyasi mövqeyinə ciddi təsir göstərir. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına malik dövlət kimi uzun illər ərzində beynəlxalq enerji siyasətində mühüm rol oynamışdır.
Professor Elman Nəsirov çıxışında qeyd etdi ki, Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi neft strategiyası Azərbaycanın enerji təhlükəsizliyinin formalaşmasının əsasını qoymuşdur. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələ yaratmış, Azərbaycanın dünya enerji bazarına inteqrasiyasını sürətləndirmişdir. Belə ki, zəngin enerji mənbələrinə malik olan, dayanıqlılıq prinsipinə əsaslanan inklüziv inkişaf yolu seçən və eyni zamanda qlobal enerji bazarında özünəməxsus yer tutan Azərbaycan üçün enerji təhlükəsizliyinin etibarlı təminatı milli təhlükəsizlik məsələsidir. Bunun nəticəsində Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Ərzurum qaz kəməri və Cənub Qaz Dəhlizi kimi mühüm layihələr həyata keçirilmişdir. Bu layihələr yalnız Azərbaycanın deyil, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyət kəsb edir. Lakin müasir dövrdə dünyada baş verən qlobal iqlim dəyişiklikləri, ekoloji problemlərin artması və bərpa olunan enerji mənbələrinə marağın yüksəlməsi enerji siyasətində yeni yanaşmaların formalaşmasına səbəb olmuşdur. Azərbaycan da bu prosesdən kənarda qalmamış, ənənəvi enerji siyasəti ilə yanaşı “yaşıl enerji” strategiyasını prioritet istiqamət kimi müəyyən etmişdir. Hal-hazırda respublikanın enerji təhlükəsizliyi siyasəti bərpa olunmayan enerji mənbələrindən istifadəyə və müvafiq infastrukturların yaradılmasına daha çox əsaslansa da, “yaşıl enerjiyə” keçid dövrün tələbi olaraq getdikcə ön plana çıxır, ciddi siyasi, iqtisadi və sosial əhəmiyyət kəsb edir. Enerji təhlükəsizliyinin təmin olunmasında “yaşıl enerji”-nin rolu ilə bağlı, beynəlxalq aləmdə hamı tərəfindən qəbul edilən vahid yanaşma mövcud deyildir.
Məruzəçi daha sonra Prezident İlham Əliyev tərəfindən həyata keçirilən enerji siyasətində bərpa olunan enerji mənbələrinin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edərək bildirdi ki, Azərbaycanın zəngin günəş, külək və su ehtiyatları ölkənin yaşıl enerji potensialını artırır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımlardan biridir. İşğaldan azad olunmuş ərazilərdə ekoloji cəhətdən təmiz enerji layihələrinin həyata keçirilməsi həm regionun bərpasına, həm də davamlı inkişafın təmin edilməsinə xidmət edir.
Azərbaycanda həyata keçirilən rəsmi siyasət daxili enerji təlabatının tam ödənilməsi ilə yanaşı, beynəlxalq səviyyədə milli maraqların qorunmasını da nəzərə alır. Azərbaycan beynəlxalq əməkdaşlıq çərçivəsində də yaşıl enerji layihələrinə qoşulur. Xəzər dənizinin külək enerjisi potensialı Avropa bazarına alternativ enerji ixracı üçün geniş imkanlar yaradır. Bu isə Azərbaycanın gələcəkdə yalnız neft və qaz ixrac edən ölkə kimi deyil, həm də “yaşıl enerji” ixracatçısı kimi tanınmasına şərait yaradır. Son illərdə Azərbaycan, Gürcüstan, bolqarıstan və Macarıstan ilə birlikdə qərb istiqamətində, Qazaxıstan və Özbəkistan ilə birlikdə şərq istiqamətində “yaşıl enerji” dəhlisləri yaratmaq məqsədilə atdığı addımlar Avropa-Cənubi Qafqaz-Mərkəzi Asiya regionunda yeni geosiyasi mənzərə yaradacaqdır. Enerji keçidi prosesi ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. “Yaşıl enerji” texnologiyalarının inkişafı yeni iş yerlərinin açılmasına, innovasiyaların tətbiqinə və ekoloji tarazlığın qorunmasına müsbət təsir göstərir. Eyni zamanda karbon emissiyalarının azaldılması Azərbaycanın beynəlxalq ekoloji öhdəliklərinin yerinə yetirilməsinə də kömək edir. Nəticə etibarilə qeyd etmək olar ki, Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf edir. Ənənəvi enerji resurslarından əldə olunan iqtisadi güc bu gün “yaşıl enerji” strategiyasının həyata keçirilməsinə yönəldilir. Bu siyasət Azərbaycanın həm regional, həm də qlobal enerji sistemində mövqeyini daha da möhkəmləndirir və ölkənin davamlı inkişafına mühüm töhfə verir.
Fakültənin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçən elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.