Tarix fakültəsində “Şuşa şəhərinin semantikası” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
12 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Şuşa şəhərinin semantikası” mövzusunda elmi seminar keçirilib.
Fakültənin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova mövzunun aktuallığından danışaraq, 2025-ci il dekabrın 25-də Prezident İlham Əliyev tərəfindən 2026-cı ilin “Şəhərsalma və memarlıq ili” elan edilməsi haqqında Sərəncamından irəli gələn məsələlərə diqqət çəkib. O, fakültədə bu mövzuda ardıcıl elmi seminarların keçirildiyini, Azərbaycanın qədim şəhər ənənələrinin müasirliklə qovuşduğu məkan olduğunu vurğulayaraq, şəhərlərin tarixi-antropoloji yanaşma ilə öyrənilməsinin aktuallığını, işğaldan azad olunmuş şəhərlərimizdəki bərpa-quruculuq işlərinin tarixi əhəmiyyətini qeyd etdi.
Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi, t.ü.f.d. Hicran Mahmudova məruzəsində Şuşa şəhərinin semantikasını antropoloji baxımdan ətraflı təhlil etdi. O, öz çıxışında şəhərin tarixi-mədəni qatlarının formalaşma mərhələlərini, məhəllələrin özünəməxsus xüsusiyyətlərini, memarlıq quruluşunu, əhalinin gündəlik həyat tərzini ətraflı şərh etdi. Məruzəçi öz təqdimatında şəhərin sosial-mədəni həyatında rol oynamış şəxsiyyətlər, əhalinin mənəvi dəyərləri, XVIII-XIX əsrlərin XX əsr mühiti ilə müqayisəli təhlilini təqdim etdi, işğal dövründə tarixi-mədəni irsimizə qarşı vandalizmi faktiki materillarla göstərdi.
Fakültə müəllimləri və tələblərinin iştirakı ilə təşkil olunan elmi seminarda Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərinin azad olunması və tarixi-antropoloji irsimizin bərpası ilə bağlı həyata keçirilən quruculuq işlərinin əhəmiyyəti xüsusi vurğulandı.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılandı.