Tarix fakültəsinin müəllimi Günay Bayramova Mirzə-zadə “Türk Dünyası Gənc Akademiklərinin III Beynəlxalq Konqresində” iştirak etmişdir
-lg.jpg)
Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Mirzə-zadə “Türk Dünyası Gənc Akademiklərinin III Beynəlxalq Konqresində” iştirak etmişdir.
Türk Dünyası Gənc Akademiklərinin Birinci Beynəlxalq Konqresi Ankarada, ikinci konqres isə Daşkənddə keçirilmişdir. Üçüncü konqres 10–13 may 2026-cı il tarixlərində Türk dünyasının mədəni və elmi mərkəzlərindən biri olan Bakıda “Keçmişin İrsi, Gələcəyin Quruluşu” mövzusu ilə təşkil olunmuşdur.
Konqres çərçivəsində Türk dünyasının müxtəlif ali təhsil müəssisələrindən olan gənc alim və tədqiqatçılar bir araya gələrək tarixi irsin müasir elmi yanaşmalarla inteqrasiyası, ortaq mədəni yaddaşın qorunması və gələcək elmi əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparmışlar. Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr və Macarıstan daxil olmaqla 23 ölkədən 400-ə yaxın gənc alim iştirak etmişdir.
Konqres proqramı çərçivəsində iştirakçılar müxtəlif panel və elmi sessiyalarda çıxış etmiş, Türk dünyasının tarix, arxeologiya, etnoqrafiya, mədəni irs və humanitar elmlər sahəsində aparılan müasir tədqiqatlar ətrafında fikir mübadiləsi aparmışlar. Tədbir beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və ortaq elmi platformanın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
BDU-nun Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Mirzə-zadə də konqresdə elmi məruzə ilə çıxış etmiş, tədqiqat mövzusu iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Konqresin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş və gələcək elmi əlaqələrin inkişaf etdirilməsi istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilmişdir.