Tarix fakültəsində “Çin-Azərbaycan münasibətləri bu gün” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
15 may 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Asiya və Afrika ölkələri tarixi kafedrasının 5502.01 "Ümumi tarix" ixtisası üzrə qiyabi doktorantı Aytac Şadiyevanın elmi seminarı keçirilmişdir. Seminar “Çin-Azərbaycan münasibətləri bu gün” mövzusuna həsr olunmuşdur.
Məruzədə Azərbaycan Respublikasının 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini bərpa etdikdən sonra Çin Xalq Respublikası ilə qurduğu çoxşaxəli münasibətlər təhlil edilmişdir. Tədqiqatın əsas məqsədi bu münasibətlərin Azərbaycan Respublikasının və bütövlükdə Cənubi Qafqaz regionunun gələcək inkişafı baxımından əhəmiyyətini müəyyənləşdirmək olmuşdur. 1991-1993-cü illərdə Azərbaycan Respublikasına rəhbərlik edən şəxslərin səriştəsiz xarici siyasəti səbəbindən iki ölkə arasında münasibətlər nisbətən durğun olmuşdur. Bunun bir digər səbəbi isə, Cənubi Qafqaz regionunun SSRİ-dən yenicə ayrılması idi. Keçmiş SSRİ-nin varisi sayılan Rusiya Federasiyasının Cənubi Qafqaz regionunda öz mövqelərini möhkəmləndirmək siyasəti ilk dövrlər Çinin Azərbaycan Respublikası və Cənubi Qafqaz regionunun digər ölkələri ilə münasibətlərinin bir qədər səthi inkişafına gətirib çıxarmışdır.
1993-cü ilin oktyabrında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra onun düşünülmüş və balanslaşdırılmış siyasəti nəticəsində Çin Xalq Respublikası ilə olan münasibətlər dərinləşməyə və əməkdaşlıq prizmasına yüksəlməyə başlayır. Məruzədə Ümummilli lider Heydər Əliyevin prezidentlik dövründə Çin Xalq Respublikası ilə genişlənən münasibətlərdən ətraflı bəhs olunmuşdur. Həmçinin bu münasibətlərin inkişafının fonunda Çin Xalq Respublikasının özünün milli dövlət maraqları da şərh olunmuşdur.
Yekun olaraq məruzəçi tərəfindən Çin Xalq Respublikası ilə XXI əsrdə genişlənən münasibətlər, 2003-cü ildən sonra Prezident İlham Əliyevin hakimiyyəti dövründə iki ölkənin münasibətlərinin çiçəklənməsi şərh olunmuşdur. Belə ki, XXI əsrdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dərinləşməsi və strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsi vurğulanmışdır. Beləliklə, məruzədə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikasının 1991-2026-cı illər arasında siyasi, iqtisadi, mədəni münasibətləri və bu münasibətlərin zəmnində Azərbaycan Respublikasının və Cənubi Qafqaz regionunun gələcək taleyi ətraflı işıqlandırılmışdır.