“Qərbi Azərbaycanın əhalisinin demoqrafik vəziyyəti (XIX əsrin sonu - XX əsrin əvvəli)” mövzusunda elmi seminar keçirilib

1 iyun 2026-cı il tarixində BDU-nun Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının nəzdində fəaliyyət göstərən “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” elmi-tədqiqat laboratoriyasının növbəti elmi seminarı təşkil olunub. Elmi seminarda laboratoriyanın böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Hikmət Əhmədov “Qərbi Azərbaycanın əhalisinin demoqrafik vəziyyəti (XIX əsrin sonu - XX əsrin əvvəli)” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi ilk növbədə tədqiqat mövzusunun müasir tarixşünaslıqdakı yerini və aktuallığını əsaslandırıb. Çıxışda Rusiya imperiyasının İrəvan və Naxçıvan xanlıqlarını işğal etməsindən sonra bölgədə reallaşdırılan inzibati-ərazi islahatları geniş təhlil edilib və xanlıqlar dövründə mövcud olan idarəçiliyin zamanla həyata keçirilən islahatlarla necə dəyişdirildiyi rəqəmlərlə izah edilib.
Mövzu maraqla qarşılanıb və iştirakçılar mövzu ətrafında müzakirələr aparıblar. Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, laboratoriya müdiri dosent Səidə Quliyeva, Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının dosenti Bəymirzə Şabiyev, Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova və aparıcı elmi işçi, t.f.d. Şəfayət Fərəcov çıxış edərək mövzu ilə bağlı mülahizələrini bölüşüb, mənbələrdə əks olunan faktları müzakirə ediblər.
Elmi seminar çərçivəsində çar Rusiyası dövrünün statistik və arxiv materiallarının spesifik xüsusiyyətləri, erməni tarixşünaslığında rast gəlinən saxtakarlıq cəhdləri və bu növ əsassız iddiaların elmi faktlarla ifşa olunmasının vacibliyi vurğulanıb. Eyni zamanda, müasir dövrdə ilkin mənbələrlə işləyən gənc tarixçilər üçün, xüsusilə XIX əsr mənbələri və arxiv materialları ilə işləmək üçün xarici dil biliklərinin artırılmasının əhəmiyyəti barədə faydalı fikir mübadiləsi aparılıb.