BDU müəlliminin elmi tədqiqatı beynəlxalq akademik nəşrdə dərc olunub
-lg.jpg)
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Mirzə-zadənin elmi tədqiqatı Belçikanın nüfuzlu akademik nəşriyyatı “Brepols Publishers” tərəfindən nəşr olunan yeni ikicildlik elmi topluda dərc edilib.
İngilis dilində nəşr olunan “Urartu and Beyond: Improvement and Interaction in the Iron Age Highlands” adlı ikicildlik ARAXES elmi seriyasının 5-ci cildidir. Nəşrdə Urartu dövlətinin siyasi, mədəni və sosial inkişafı, onun qonşu regionlarla qarşılıqlı əlaqələri, həmçinin Son Tunc və Dəmir dövrlərində Cənubi Qafqaz və Yaxın Şərq ərazilərində baş verən tarixi-mədəni proseslər müxtəlif arxeoloji materiallar əsasında tədqiq olunur.
İkicildlikdə Azərbaycan arxeologiyasına dair bir sıra mühüm elmi araşdırmalar da yer alıb. Nəşrdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşlarının, AMEA-nın müxbir üzvlərinin, eləcə də Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının elmi tədqiqatları təqdim olunub. Bu baxımdan, nəşr Azərbaycanın Son Tunc və Erkən Dəmir dövrü arxeologiyasına dair araşdırmaların beynəlxalq elmi müstəvidə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Günay Bayramova Mirzə-zadənin tədqiqatının sözügedən beynəlxalq akademik nəşrdə yer alması BDU-nun Tarix fakültəsində aparılan arxeoloji tədqiqatların beynəlxalq elmi dövriyyəyə daxil edilməsi baxımından əhəmiyyətli hadisədir. Bu cür nəşrlər Azərbaycan arxeoloji irsi ilə bağlı yeni elmi nəticələrin beynəlxalq elmi auditoriyaya çatdırılmasına, ölkənin arxeoloji materiallarının dünya elmi ictimaiyyətində tanıdılmasına və Azərbaycan arxeologiyasının beynəlxalq elmi əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verir.