Tarix fakültəsinin IV və V kurs tələbələri istehsalat təcrübəsində

Tarix fakültəsinin Tarix, Regionşünaslıq (Qafqaz üzrə), Regionşünaslıq (Amerika üzrə) ixtisaslarının buraxılış kurs tələbələri 08.06.2026-cı il tarixdə Quba rayonunda Tədris-Təcrübə və İstirahət Mərkəzində, 09.06.2026-cı il tarixdə Qobustan Milli Tarixi Bədii Qoruğunun müvafiq strukturlarında nəzəri biliklərin çöl-tədqiqat şəraitində tətbiqi məqsədilə istehsalat təcrübəsində oldular.
08 iyun 2026-cı il tarixində BDU-nun Quba rayonundakı Tədris-Təcrübə və İstirahət Mərkəzində bölgəsinin özünəməxsus mədəni irsi, yerli əhalinin məişət xüsusiyyətləri, qədim sənətkarlıq növləri və etnik tərkibi ilə bağlı materialları yerindəcə təhlil ediblər. Gənc mütəxəssislərə etnoqrafik materialların toplanması, sorğu metodologiyası və şifahi tarix qaynaqları ilə işləmək bacarıqları aşılanıb.
09 iyun 2026-cı il tarixində isə tələbələr Qobustan Milli Tarixi-Bədii Qoruğunda bilavasitə arxeoloji təcrübə prosesində iştirak ediblər. Qoruğun strukturları ilə tanışlıq zamanı tələbələr Qobustan interaktiv muzey kompleksini ziyarət ediblər. Muzeydə rəqəmsal və maddi eksponatların köməyi ilə tapıntıların konservasiyası, kataloqlaşdırılması və ekspozisiyası (muzeyləşdirilməsi) prinsipləri tələbələrə əyani şəkildə nümayiş etdirilib. Burada tələbələr ibtidai insanların məskunlaşdığı qədim yaşayış yerlərini (düşərgələri) yerindəcə incələyib, unikal qayaüstü təsvirlərin (petroqliflərin) semantikası və onların arxeoloji oxunması metodologiyası ilə yaxından tanış olublar.