Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
17 fevral 2026-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində 2026-cı il üçün elmi tədbirlər planına uyğun olaraq “Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda elmi seminar keçirilib.
Tədbiri açıq elan edən Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolundan danışaraq iki dahi şəxsiyətin – Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı prezident İlham Əliyevin rolunu, müasir dövrdə Qafqaz bölgəsində Azərbaycan dövlətinin lider dövlətə çevrilməsini xüsusilə vurğuladı.
Məruzəçi UNEC, Rus-İqtisad məktəbinin direktor müavini, Qafqaz xalqları tarixi kafedrasının saathesabı müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Eyyubov qeyd etdi ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb geosiyasi mühitdə dövlət təhlükəsizliyinin əsaslarını formalaşdırmağa başladı. Keçmiş SSRİ məkanında institusional boşluq, zəif təhlükəsizlik strukturları və davam edən münaqişələr Cənubi Qafqazı böyük güclərin rəqabət meydanına çevirmişdi. Bu şəraitdə Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq müstəqilliyini qorudu və uzunmüddətli, praqmatik təhlükəsizlik strategiyası qurdu. Prezident İlham Əliyev rəhbərliyi ilə ölkə hərbi potensialını modernləşdirdi, strateji tərəfdaşlıqlarını genişləndirdi və beynəlxalq humanitar fəaliyyətini gücləndirdi. Bu uzunmüddətli strategiyanın nəticəsi olaraq Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı ərazi bütövlüyünü bərpa etdi və regionda yeni reallıq formalaşdırdı.
Məruzəçi bildirdi ki, hal-hazırda Azərbaycan Respublikası təhlükəsizlik və sülh siyasətini aşağıdakı istiqamətlər üzrə davam etdirir: hərbi gücün davamlı modernləşdirilməsi, yeni tərəfdaşlıqların qurulması, beynəlxalq nəqliyyat layihələrinin genişləndirilməsi, Türk dövlətləri ilə inteqrasiyanın dərinləşdirilməsi və Ermənistanla sülh prosesinin dönməzliyinin təmin olunması. Azərbaycanın məqsədi Cənubi Qafqazı böyük güclərin qarşıdurma meydanından sabitlik, əməkdaşlıq və inkişaf məkanına çevirməkdir. Sülh uzunmüddətli proses olsa da, ölkəmiz bu istiqamətdə ardıcıl və prinsipial siyasətini davam etdirir.
“Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda keçirilən elmi seminar tələbələr tərəfindən diqqətlə dinlənilmiş, geniş fikir mübadiləsinə səbəb olmuşdur.