Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
17 fevral 2026-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində 2026-cı il üçün elmi tədbirlər planına uyğun olaraq “Sülhməramlı azərbaycanlılar” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarda Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Azad Rzayevin məruzəsi dinlənilib. 30 illik təcavüzə son qoymuş və öz ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir ölkə olaraq beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolundan danışan məruzəçi Müzəffər Ali Baş komandan İlham Əliyevin bu sahədə uğurlu siyasəti və sülh gündəliyi haqqında seminar iştirakçılarına məlumat verdi.
Məruzəçi bildirdi ki, dünyanın müxtəlif bölgələrində silahlı qarşıdurmaların, siyasi gərginliklərin davam etdiyi və hətta gündən-günə qızışdığı bir dövrdə sülhün təşviqi beynəlxalq gündəmin əsas mövzularından biri kimi ön plana çıxır. Bu baxımdan, regional sabitliyin təmin edilməsi və davamlı sülhün əldə olunması üçün təsirli mexanizmlərin qurulması istiqamətində atılan addımlar qlobal səviyyədə də diqqətlə izlənir. Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlıq mühitinin formalaşdırılması istiqamətində Azərbaycanın atdığı addımlar da beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və praktiki nümunə kimi dəyərləndirilir. Azərbaycan sülhməramlıları sülhyaratma missiyalarında Vətəni layiqincə təmsil edib, sülhün, qlobal təhlükəsizliyin təminatına töhfələr verib və beynəlxalq təhlükəsizlik təlimlərində öz bacarıqları və yüksək peşəkarlıqları ilə fərqləniblər.
Ümumilikdə, Azərbaycan sülhməramlılarının faktiki vəzifələri təhlükəsizlik qüvvələrinə təlim keçmək, məsləhətlər vermək, yardım göstərmək, sabitliyi təmin etməkdir. Azərbaycan hazırda Avropa və Avroatlantik məkanda qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir. Ölkəmiz təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropa və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Azərbaycanın NATO ilə ən vacib əməkdaşlıq sahəsi “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsindədir. Sülhməramlı bölmələrə peşəkar hərbçilər cəlb olunur və təlimlərdə onların hazırlıq səviyyəsinin artırılması üçün bütün zəruri şərait yaradılır. Əsas məqsəd qlobal sülhün və təhlükəsizliyin təmin edilməsi və xarici dövlətlərdə ölkəmizin layiqincə təmsil olunmasıdır. Bu baxımdan, sülhməramlı heyətə yüksək mənəvi dəyərlərimiz, tariximiz, adət-ənənələrimiz aşılanır. Hazırda Azərbaycan dövləti yerləşdiyi regionda yaratdığı yeni geostrateji və geosiyasi üstünlüklərdən faydalı şəkildə bəhrələnərək milli və dövlət maraqlarına cavab verən beynəlxalq hərbi əməkdaşlığı uğurla davam etdirir.
Iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.