Anar Eyyubov “Qafqaz Müasir Geosiyasi Şəraitdə” mövzusunda elmi məruzə ilə çıxış etmişdir
-lg.jpg)
17 fevral 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin təşkilatçılığı ilə Qafqaz xalqları tarixi kafedrasında UNEC, Rus-İqtisad məktəbinin direktor müavini, Qafqaz xalqları tarixi kafedrasının saathesabı müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Eyyubov “Qafqaz Müasir Geosiyasi Şəraitdə” mövzusunda elmi məruzə ilə çıxış etmişdir. Tədbiri açıq elan edən Qafqaz xalqları tarixi kafedrasının müdiri professor İradə Hüseynova qeyd etdi ki, Qafqaz müasir geosiyasi şəraitdə qlobal və regional güclərin maraqlarının kəsişdiyi, enerji, nəqliyyat və təhlükəsizlik baxımından strateji əhəmiyyətə malik məkan kimi çıxış edir. Yeni dünya nizamının formalaşdığı bir dövrdə region dövlətlərinin suverenliklərini qorumaq və sabitliyi təmin etmək qabiliyyəti Cənubi Qafqazın gələcək rolunu müəyyənləşdirən əsas amilə çevrilmişdir.
Məruzəçi qeyd etdi ki, əvvəlki dünya nizamının süqutu və yeni qlobal təhlükəsizliyin arxitekturasını qurulduğu şəraitdə Cənubi Qafqaz regionunun geosiyasi və geoiqtisadi əhəmiyyəti sürətlə artmaqdadır. Sözsüz ki, bu məsələdə Azərbaycan hakimiyyətinin uzaqgörən strateji siyasətinin rolu müstəsnadır. Hazırda Azərbaycan və Azərbaycanla əməkdaşlıq yolunu seçmiş Ermənistan ABŞ prezidenti Donald Trampın irəli sürdüyü yeni beynəlxalq formatın “Sülh Şurasının” fəal üzvləridirlər. Bu formatın gələcəyi hələ qeyri-müəyyən olsa da, Cənubi Qafqaz dövlətlərinin belə qlobal beynəlxalq proseslərdə iştirak etmələri özü-özlüyündə regionumuzun müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətindən xəbər verir.
Yuxarıda qeyd edilən mövzunun nəzəri və praktiki aspektləri ilə bağlı elmi-praktiki təcrübə keçən IV kurs tələbələrinə dosent Anar Eyyubov tərəfindən geniş məruzə edildi. Məruzə interaktiv formada keçirilmişdir, çoxsaylı keyslərdən nümunələr gətirilmişdir. Sonda tələbələrin sualları cavablandırılmışdır.