Yeni tədris iliniz mübarək!
Bu gün BDU-nun 24000 tələbəsi, 1500 nəfərlik professor-müəllim heyəti yeni tədris ilinə başladı.
Azərbaycan ali məktəblərinin flaqmanı, şərəfli keçmişə, zəngin təcrübəyə malik Bakı Dövlət Universiteti (BDU) mövcud təcrübə və ənənələri daha da möhkəmləndirmək, ölkənin peşəkar kadr və elmi potensialını zənginləşdirmək məramı ilə yeni dərs ilinə qədəm qoyur. Təəssüflər olsun ki, il yarım bir müddət ərzində COVID-19 pandemiyası səbəbindən professor-müəllim heyətini və tələbələrimizi Universitet auditoriyalarında deyil, monitor qarşısından salamlamalı olsaq da, bu çətin günləri geridə qoymaq üzrəyik.
Bu gün BDU 16 fakültəsi, 120 kafedrası, 2 elmi-tədqiqat institutu, 3 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş elmi-tədqiqat laboratoriyaları, Qazax filialı, İqtisadiyyat və Humanitar Kolleci, “Gənc istedadlar” liseyi və s. ilə ölkəmizdə elm və təhsilin inkişafında mühüm rol oynayır.
Biz yeni tədris ilində tələbələrimizin qarşısına bir sıra yeniliklərlə gəlmişik. BDU-da tədrisin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması, dövrün tələblərinə uyğun kadrların hazırlanması istiqamətində aparılan fəaliyyətin tərkib hissəsi olaraq, 2020/2021-ci tədris ili üçün bakalavr və magistratura səviyyələri üzrə yeni ixtisas və ixtisaslaşmalar açılıb. Yeni ixtisasların yaradılması həm də əmək bazarında bu ixtisaslara olan tələbatın ödənilməsi zərurətindən yaranıb.
Bundan əlavə, Universitetin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm işlər görülüb, müasir tələblərə cavab verən, bütün zəruri avadanlıqlarla təchiz olunmuş yeni Tələbə Evi tam istifadəyə verilib.
Universitetin beynəlxalq layihələrdə iştirakı, beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi, ikili diplom proqramlarının miqyasının genişləndirilməsi yönündə bir sıra xarici ali təhsil müəsisələri ilə danışıqlar aparılıb, birgə layihələrin həyata keçirilməsi istiqamətində hazırlıq işlərinə başlanılıb. BDU hazırda dünyanın nüfuzlu 7 universiteti ilə ikili diplom proqramları həyata keçirir.
Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm addımlar atılır. ABŞ-ın məşhur “BLACKBOARD” tədrisin idarə edilməsi sisteminin tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirilir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrin öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün əməli tədbirlər görülür.
Bütün bunlar yeni tədris ilində tələbələrimizin peşəkar mütəxəssislər kimi yetişməsində, elmin sirlərinə dərindən yiyələnməsində mühüm rol oynayacaqdır.
Hörmətli müəllimlər, əziz tələbələr, yeni tədris ilində sizə uğurlar arzulayırıq!
Yeni tədris iliniz mübarək!