Yaşıl dünya naminə həmrəylik
BDU Tarix fakültəsinin tələbələri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Tullantıdan sənətə” muzeyi və müxtəlif sənət əsərləri ilə yaxından tanış olublar.Qeyd edək ki, “Tullantıdan sənətə” muzeyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində yaradılıb. Muzeydə “Tullantıdan sənətə” Beynəlxalq sərgisində nümayiş olunan əsərlər sərgilənir. Əsasən məişət tullantılarından hazırlanmış əsərlərin bədii dəyəri ondan ibarətdir ki, onlar incəsənətin, hətta tullantını emal və “həzm” etmək iqtidarında olduğunu əyani surətdə nümayiş etdirir. Muzey və keçirilən sərgilər geniş ictimaiyyətin diqqətini meqapolis üçün təhlükəli, bəzən qarşısıalınmaz ekoloji problemlərə cəlb etmək məqsədi daşıyır. Burada yararsız hesab edilərək atılmış əşyalar, tullantı materialları sənətkarların əllərində “ikinci həyat” tapır. Bundan sonra isə tələbələr “Qala Qəsri” muzeyi ilə və 14-15 əsrlərdən qalma qala divarları ilə və müxtəlif arxeoloji tapıntılarla tanış olublar.