XOCALI FACİƏSİNİN 33-CÜ İL DÖNÜMÜNƏ HƏSR OLUNMUŞ "SOYUQ FEVRALIN QANLI GECƏSİ" ADLI TƏDBİR KEÇİRİLİB.
25 fevral 2025-ci il tarixində Bakı Dövlət Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş "Soyuq Fevralın Qanlı Gecəsi" adlı tədbir keçirildi. Tədbir zamanı ilk olaraq Xocalı faciəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edildi. "Gənc Tarixçilər" dərnəyinin təşəbbüsü ilə təşkil olunan tədbirdə dərnəyin elmi rəhbəri Kəmalə Məmmədova çıxış edərək tədbirin mahiyyəti və məqsədi haqqında iştirakçılara məlumat verdi. Tədbirin əsas hissəsində Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri, t.e.d., professor, Milli Məclisin deputatı Anar İsgəndərov Xocalı faciəsindən öncəki və sonrakı dönəmlərə diqqət çəkməklə gəncləri tariximizin bu səhifələrinə daha dərindən nüfuz etməyə, tarixi həqiqətləri öyrənərək onları dünya ictimaiyyətinə çatdırmağa və milli yaddaşı qorumağa çağırış edən məruzə ilə çıxış etdi. Bundan əlavə, dərnəyin üzvləri Xocalı faciəsi ilə bağlı məruzələr təqdim edərək, bu hadisənin dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılmasının vacibliyini vurğuladılar. Dərnək üzvlərimizin məruzələrini sizlərə təqdim edirik. 1. Nəzrin Allahverdiyeva - "XX əsrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımları-Azərbaycan tarixinin qanla yazılan səhifələri" 2. Aydın İslamzadə- " Faciəni əks etdirən mənbələrdə Xocalı soyqırımı" 3. Çimnaz Nurəliyeva, Amin Vəliyev - "Xocalı soyqırımı dünya mətbuatında" 4. Gülyanaq Vəlizadə - "Azərbaycanın XX əsr mədəniyyəti tarixində (poeziya və rəssamlıqda) Xocalı soyqırımı".
Beləliklə, tədbir Xocalı faciəsinin tariximizdəki əhəmiyyətini bir daha xatırladaraq, onun heç zaman unudulmaması üçün gənc nəsillərin üzərinə düşən məsuliyyəti ön plana çəkməklə yanaşı mövcud faktları bir daha üzə çıxardı. Eyni zamanda, bu faciənin tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini vurğuladı.