Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümü qeyd olunub
Bakı Dövlət Universitetində (BDU)Tarix fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 54-cü ildönümünə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Dövlət himni səsləndirilib.
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Ulu Öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edib ki, ömrünü dövlətinin, xalqının inkişafına, çiçəklənməsinə və rifahına həsr edən Ulu Öndərin adı Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə ölkəmizə rəhbərliyi dövründə Azərbaycan dövlətçiliyinin gələcək müstəqilliyinin siyasi- iqtisadi əsaslarını yarada bilib. Müdrik siyasətçi hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələri paralel sürətdə inkişaf etdirib. Azərbaycanda iqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində yüksək uğurlar və nəticələr əldə olunub. O zaman da, indi də ölkəmizin uğurlu inkişafının və intibahının təməlində Heydər Əliyev siyasəti dayanıb. Natiq Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından ətraflı bəhs edib. Ulu Öndərin milli inkişafın yeganə yolunu xalqın yüksək təhsil almasında, maariflənməsində gördüyünü, respublikada elmin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirdiyini vurğulayıb.
Daha sonra çıxış edən Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müdiri, dosent Azad Rzayev bildirib ki, Ulu Öndər Heydər Əliyev o dövr üçün çox cəsarətli ideyalar irəli sürüb, təhsil, mədəniyyət, iqtisadi inkişaf barədə geniş islahatlar həyata keçirib. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövründə yaradılmış iqtisadi potensial sonrakı mərhələlərdə - müstəqillik illərində Azərbaycan üçün çox əhəmiyyətli rol oynayıb.