Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Suveren Azərbaycan” adlı tədbir keçirilib
08.05.2025-ci il tarixində BDU Tarix fakültəsinin və 53 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Suveren Azərbaycan” adlı tədbir keçirilib. Tədbirdə BDU-nin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimləri t.ü.f.d. dosent Nurlan Abbasov, t.ü.f.d Elşən Aslanov, Səbinə Alıyeva, 53 nömrəli məktəbin direktoru Tünzalə Zeynalova, Bakı Dövlət Universitetinin tarix fakültəsinin təcrübəçi tələbələri və müəllimlər iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, Ulu Öndər Heydər Əliyevin və vətənin azadlığı, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Giriş sözü ilə tədbiri açan məktəbin direktoru bildirib ki, Heydər Əliyevin ömür yolu Vətənə, xalqa, millətə sonsuz sədaqət və məhəbbətin parlaq rəmzidir. Ulu öndər özünün fəaliyyəti ilə dünya azərbaycanlılarının Ümummilli Lideri səviyyəsinə yüksəlmiş, Azərbaycan xalqının yaddaşında və qəlbində izzətinin və səlahiyyətinin həddi-hüdudu olmayan polad iradəli bir lider kimi qalmışdır. T.ü.f.d. dosent Nurlan Abbasov və t.ü.f.d Elşən Aslanov “Konstitusiya və suverenlik ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən və Ulu öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs ediblər. Tədbir zamanı BDU Tarix fakültəsinin təcrübəçi tələbələri tərəfindən hazırlanan Ulu öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş olunub, BDU-nin təcrübəçi tələbəsi Fatimə Hüseynovanın “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda məruzəsi dinlənilib. Sonra məktəbin şagirdlərinin hazırladığı rəqslər nümayiş etdirilib, musiqilər və şeirlər səsləndirilib.