Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Türk xalqları tarixinin aktual problemləri: XIX-XX əsrlərdə Balkanlarda etnik təmizləmə siyasəti”elmi seminar keçirilib
24 may 2021-ci il tarixdə Tarix fakültəsində növbəti elmi seminar keçirilmişdir. Türk xalqları tarixi kafedrasının təşkilatçılığı ilə “Türk xalqları tarixinin aktual problemləri: XIX-XX əsrlərdə Balkanlarda etnik təmizləmə siyasəti” mövzusunda keçirilən elmi seminarda fakültə əməkdaşları, doktorant və magistrantlar, Türkiyənin Uludağ Universiteti İqtisadi və İdari Bilimlər Fakültəsinin Beynəlxalq münasibətlər bölümü “Siyasi tarix” kafedrasının dosenti Kader Özlem də iştirak etmişdi.
Elmi tədbiri giriş sözü ilə açan Tarix fakültəsi Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova fakültədə pandemiya şəraitində elmi seminar və ustad dərslərinin keçiriməsinin əhəmiyyəti və müvafiq plan üzrə ardıcıl şəkildə təçkil olunması haqda məlumat verdi. Türk xalqları kafedrasının müdiri professor Əsməd Muxtarova çıxışında bildirdi ki, elmi seminar mövzusu seçərkən əhatəli mövzu seçilməsinə xüsusi diqqət yetirib ki, maraqlı elmi müzakirə alınsın. Bu məqsədlə, kafedranın əməkdaşlıq etdiyi Türkiyənin Uludağ Universitetinin dosenti, Türkiyənin Balkan türkləri siyasəti, Beynəlxalq münasibətlər, Diplomatiya tarixi məsələləri üzrə tədqiqatçı, Bolqarıstan köçmənlərindən olan Kader Özlem seminara dəvət edilmişdi.
Daha sonra məruzə üçün söz kafedranın dosenti Sevinc Ruintənə verildi. O, bildirdi ki, XIX-XX əsrlərdə Osmanlıda həyata keçirildiyi iddia edilən “etnik təmizləmə” və “soyqırım” siyasətləri ilə bağlı günümüz Türkiyəsinin dünya siyasətində yerini və rolunu “təftiş etmək” cəhdləri obyektiv reallığa dayanmır və tarixdən siyasi məqsədlər üçün istifadə cəhdindən başqa bir şey deyil. Bu il aprel ayının 24-də ABŞ prezidenti C.Baydenin 1915-ci il hadisələrini “soyqırım” adlandırması, Yunanıstanın 2021-ci il 25 mart tarixində “Osmanlı zülmü əleyhinə mübarizəsinin” başlamasının 200 illiyini qeyd etməsi kimi digər məsələlər belə nümunələrdəndir. Ümumilikdə mövzu 4 sual ətrafında şərh edildi: Balkanlar haqda qısa tarixi arayış; Etnik təmizləmə siyasəti; XIX əsrdə Balkanlarda etnik siyasəti haqqında; XX əsrdə Balkanlarda etnik təmizləmə siyasəti.
Daha sonra söz Türkiyənin Uludağ Universitetinin dosenti Kader Özlemə verildi. O, çıxışında XX əsrin 80-ci illərində Bolqarıstan hökumətinin ölkənin türk əhalisinə qarşı həyata keçirdiyi siyasətin nəticələrindən bəhs etdi.
Məruzədən sonra mövzu ətrafında geniş müzakirə keçirildi. Müzakirələrdə Balkanlar mövzusunun həqiqətən xüsusi diqqət yetirilməli mövzulardan olduğu qeyd edildi. Məruzəçilər seminar iştirakçılarının Avstriya-Macarıstan imperiyasının Balkanlarda diskriminasiya siyasəti, mövzunun araşdırılmasının son nəticədə Azərbaycanın milli maraqlarına hər hansı faydasının olub-olmaması, Balkanlarda türk diasporasının rolu, bosnakların etnik kimliyi və s. məsələlərlə bağlı suallarına cavab verdilər. Seminar iştirakçılarının Türkiyə tarixşünaslığında mövzunun tədqiqinin səviyyəsi haqqında, həmçinin Əhməd Ağaoğlunun araşdırmalarında Balkan məsələsi ilə bağlı fikir və əlavələri dinlənildi. Sonda seminar iştirakçıları, elmi-siyasi əhəmiyyətli mövzunun müzakirəsinə görə Türk xalqları tarixi kafedrasına təşəkkür etdilər. Microsoft Teams proqramı üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.