Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd Muxtarovanın “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)” adlı dərs vəsaiti nəşr edilib
Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alan tələbələr, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş dərs vəsaitində (DOI: https://doi.org/10.36719/41/2025) türk xalqları tarixinin aktual problemlərindən biri olan dövlətçilik tarixi məsələlərinə aydınlıq gətirilib. Tarix yaradan xalqlardan hesab olunan türk xalqlarının qədim dövr və orta əsrlərdə Mərkəzi Asiyada və Cənub-Şərqi Avropada mövcud olmuş dövlətləri, dövlət qurumları ilə bağlı məsələlər zəngin mənbə və ədəbiyyatlar əsasında araşdırılıb. Digər ərazilərdə mövcud olmuş türk dövlətləri ilə bağlı məsələlər isə müəllifin yaxın zamanda hazırlayacağı digər bir dərs vəsaitində əhatə olunacaq. Hazırki vəsait müəllif tərəfindən 2002-ci ildə nəşr edilmiş eyni adlı dərsliyin əlavə və düzəlişlər edilmiş təkrar nəşridir.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin «Türk xalqları tarixi» kafedrasının müdiri, 1997-ci ildən nəşr edilən «Tarix və onun problemləri» elmi, nəzəri, metodik jurnalın təsisçisi və baş redaktoru, tarix elmləri doktoru, professor Əsməd İmamməmməd qızı Muxtarova 1990-cı illərdən həyata keçirilməsinə başlanmış Türk dünyası daxili inteqrasiya proseslərinin, o cümlədən ortaq türk tarixinin tədqiqi, tədrisi və təbliğinin fəal iştirakçılarından biri olmaqla həm respublikamızın, həm də Bakı Dövlət Universitetinin tarixində xüsusi yer tutmaqdadır.
“Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)”, “Türk xalqlarının dövlətçilik tarixi (qədim dövr və orta əsrlər)”, “Qafqaza türk axınları” və s. fənləri tədris edən professor Ə.Muxtarova 100-ə yaxın elmi araşdırmanın müəllifidir. Elm və təhsilin inkişafında, gələcək tarixçi alimlərin yetişdirilməsi sahəsində fəaliyyəti və uğurlarına görə: Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 noyabr tarixli sərəncamı ilə III dərəcəli “Əmək ordeni”; Azərbaycan Respublikası Təhsil nazirinin 2019-cu il 25 noyabr tarixli əmri ilə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalı; Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi medalı; MDB məkanında türk xalqları tarixinə aid yazılmış ilk tədqiqat olan “Türk xalqlarının tarixi (qədim dövr və orta əsrlər)” dərsliyinə görə “Xatun” jurnalının redaksiya heyətinin və “Xatun” Ədəbi Məclisinin təşkilat komitəsinin qərarı ilə “Sara Xatun” adına fəxri diplom; Avropa nəşr Mətbu evinin qızıl medalı və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” diplomu və bir çox digər fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.