Türk xalqları tarixi kafedrasında tarix elmləri doktoru, professor İsmayıl Məmmədovun 75 illik yubileyinə həsr edilmiş elmi seminar keçirilib
24 aprel 2025-ci il tarixində Türk xalqları tarixi kafedrasının professoru İsmayıl Məmmədovun 75 illik yubileyinə həsr edilmiş “Tarix elmləri doktoru, professor İsmayıl Məmmədovun araşdırmalarında Türk tarixi məsələləri” adlı elmi seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan Türk xalqları tarixi kafedrasının professoru Əsməd Muxtarova professor İsmayıl Məmmədovun Türk xalqları tarixi kafedrasının yaradıldığı 1992-ci ildən bu günə qədər burada çalışdığını, ümumilikdə kafedranın fəaliyyətində onun böyük əməyinin və rolunun olduğunu bildirdi. İsmayıl Məmmədovun həmkarları və dərs dediyi tələbələri ilə səmimi münasibət qurduğunu qeyd etdi. Həmçinin qeyd etdi ki, İsmayıl müəllimin yubileyi ərəfəsində respublika mətbuatında (“Azərbaycan” və “Bakı xəbər” qəzetlərində, https://www.azerbaijan-news.az/storage/documents/pdf/1-16pdf_1745441084.pdf;
https://www.baki-xeber.com/sosial/226963.html) onun yubileyi münasibətilə həyat və yaradıcılığından bəhs edilən geniş məqalə nəşr edilmişdir.
Daha sonra professor Əsməd Muxtarova çıxış üçün İsmayıl Məmmədova söz verdi. İsmayıl Məmmədov seminar iştirakçılarına tədbirdə iştiraklarına görə təşəkkür edərək, Türk xalqları tarixi kafedrasının yaradıldığı ilk günlərdə birlikdə çalışdığı həmkarları ilə qarşıya çıxan problemlərdən və onların aradan qaldırılması istiqamətindəki fəaliyyətlərindən, ilk uğurlarından danışdı. Daha sonra özünün ilk elmi araşdırmaları, beynəlxalq elmi konfranslardakı çıxışları, Türk tarixi, o cümlədən Azərbaycan tarixi ilə bağlı son zamanlarda apardığı araşdırmalardan bəhs etdi, elmi araşdırmalarını hazırda da davam etdirdiyini bildirdi.
Daha sonra Türk xalqları tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sənubər İsmayılovanın “Tariximizi dünyaya tanıdan alim” adlı məruzəsi dinlənildi. Məruzədə qeyd edildi ki, professor İsmayıl Məmmədov Azərbaycan ziyalısı adını şərəflə daşıyan elm xadimlərimizdəndir. Ömrünün 75 ilini ləyaqətlə yaşamış, zəhmətkeş alim kimi elmin yüksək zirvələrini fəth etmiş İsmayıl Məmmədov 10-dan çox elmi kitabın, 80-dən çox elmi-siyasi məqalənin, 100-dən çox qəzet məqaləsinin, eyni zamanda bir sıra dərs vəsaitləri və proqramların müəllifidir. Həmçinin qeyd edildi ki, türk xalqlarının qədim dövr və orta əsrlər tarixini araşdıran professor qədim türk dövləti olan Hun imperiyası ilə bağlı qiymətli tədqiqatlar aparmış, 1995 və 1997-ci illərdə “Hunlar” adlı iki kitab nəşr etdirmişdir. Onun 2005-ci ildə işıq üzü görmüş “Azərbaycan tarixi” kitabı Türkiyə alimləri tərəfindən obrazlı formada “Azərbaycanın tarix üzrə xarici pasportu” adlandırılmışdır. Bunun ardınca professor İ.Məmmədov 2009-cu ildə İstanbulun “Ötügen” nəşriyyatında türk dilində “Türk Qafqazında siyasi və etnik mənzərə (qədimdən bu günə kimi)”; yenə 2009-cu ildə rus dilində Sankt Peterburqda, 2014-cü ildə isə ingilis dilində Londonda “Azərbaycan tarixi” kitablarını nəşr etdirmişdir. Qeyd edək ki, rus dilində nəşr edilmiş “Azərbaycan tarixi” kitabı Sankt-Peterburqda “İmperator kitabxanası”nın 200 illiyinə həsr edilmiş kitab sərgisində təqdim edilən 100 kitabdan biri olmuşdur.
2015-ci ildə AMEA-nın yaranmasının 70 illik yubileyi münasibətilə çıxışında Prezident İlham Əliyev tarix elmi haqqında xüsusi danışmış, alimlərimizi tariximizi xaricdə təbliğ etməyə çağırmışdı. Prezidentin bu çağırışına qoşulanlardan biri olan İsmayıl Məmmədovun ingilis dilində “Azərbaycanın etnik və siyasi tarixi” və “Azərbaycanın tarixi xəritələri” adlı 2 kitabı ABŞ-də, Şimali Korolina ştatının paytaxtı Raley şəhərində nəşr edildi. “Azərbaycanın etnik və siyasi tarixi” kitabı professorun 2019-cu ilin fevralında Hindistanda iştirak etdiyi beynəlxalq elmi konfransda təqdim edildi.
Professor İ.Məmmədovun çoxsaylı uğurları və mükafatlarından bəhs edən dosent Sənubər İsmayılova məruzəsinin sonunda həmçinin İsmayıl müəllimin gözəl ailə baçcısı, xeyirxah insan olduğunu da qeyd etdi. Bundan sonra özünün İsmayıl müəllimə həsr etdiyi şeirini oxudu.
Məruzənin ardınca elmi seminarda iştirak edən Slavyan ölkələri tarixi kafedrasının müdiri dosent Abutalıb Cəlilov, yenə Slavyan ölkələri tarixi kafedrasının dosenti Sevda Hüseynova, Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Rəna İbrahimova və digər həmkarları professor İsmayıl Məmmədovla bağlı xatirələrindən danışdılar, onun elmi fəaliyyətindəki uğurları ilə qürur duyduqlarını qeyd etdilər.
Sonda Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova kafedranın elmi seminarında iştirak edən fakültənin professor-müəllim heyətinin üzvlərinə və tələbələrə təşəkkür etdi.