Türk xalqları tarixi kafedrasında növbəti elmi seminar keçirilmişdir.
2025-ci il mart ayının 6-da Türk xalqları tarixi kafedrasında növbəti elmi seminar keçirilmişdir. Seminarda kafedranın dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Ruintən “Qazax xanlığının 560-cı yubiley ilində Qazaxıstan Respublikası – Rusiya Federasiya münasibətlərinin “Qordi düyünü” haqqında” mövzusunda məruzə ilə çıxış etmişdir.
Məruzədə qeyd edilmişdir ki, seminar mövzusunun seçimi heç də təsadüfi olmamışdır. Məlumdur ki, 2025-ci il Qazax xalqının tarixində həm də Qazax xanlığının quruluşunun 560 illik yubileyi olaraq qeyd edilməkdədir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə tədqiqi yeni vüsət almış türk xalqları tarixində araşdırılmalı olan mühüm məsələlərdən birinin də dövlətçilik tarixi məsələləri olduğu heç şübhəsizdir. Belə ki, sovet tarixşünaslığından miras qalmış Rusiya türklərinin tarixi dövlətçilik ənənələrinin olmaması, Rusiyanın onlara mədəniyyət gətirməsi və s. bu kimi fikirlərin hələ də ara-sıra eşidilməkdə olduğunu görməkdəyik. Və təəssüf ki, bu fikirlər sadəcə elmi araşdırmalarda deyil, dövlətlərarası münasibətlərdə də zaman-zaman özünü göstərməkdədir. Bu baxımdan hazırki seminarda Qazaxıstan – Rusiya münasibətləri nümunəsində qeyd edilən məsələyə müəyyən qədər aydınlıq gətirilməsinə cəhd edilmişdir. Məruzəçi mövzuya 3 sual ətrafında aydınlıq gətirəcəyini bildirmişdir. Bunlar: 1. Qazax-Rus münasibətlərinə tarixi-analitik baxış; 2. Günümüzdə Qazax-Rus münasibətlərinin vəziyyəti; 3. İki ölkə arasında informasiya qarşıdurması varmı? Mövzunu araşdırmaq, müzakirəyə çıxarmaq səbəbimiz nədir?
Məruzəçi həmçinin qeyd etmişdir ki, məruzədə Qazax xanlığı haqqında danışılmayacaq. Əsas diqqət Qazaxıstan – Rusiya münasibətlərinin mövcud vəziyyətindən bəhs etməkdir. Qazax xanlığının yubiley ilində bu məsələnin müzakirəyə çıxarılması, mövzunun əvvəlində də bunun xüsusi vurğulanması əslində Rusiyanın Qazax xalqına münasibətdə “qazaxların dövləti olmayıb”, “Rusiyanın hədiyyəsi” və s. bu kimi iddiaların əsassız olduğunu təsdiqləyən arqumentlərdən biri olmasından irəli gəlmişdir.
Məruzədə Qazax – Rus münasibətlərinin qurulması ilə bağlı fərqli fikirlərin mövcud olduğu qeyd edilmiş, bu fikirlərə aydınlıq gətirilmişdir. Həmçinin qeyd edilmişdir ki, Qazax xalqının ilk dövləti 1465-ci ildə qurulmuş Qazax xanlığı hesab olunsa da, əslində onların dövlətçilik tarixi eradan əvvəl saklarla başlamışdır. Daha sonra qazax juzları, onların Çar Rusiyasının tərkibinə qatılmasını şərtləndirən səbəblər; uğursuzluqla nəticələnsə belə, müstəqilliklərini bərpa etmək uğrunda mübarizələri və s. məsələlərdən danışılmış; münasibətlərin müstəqilliyin bərpasından sonrakı mərhələsindəki vəziyyəti, bu münasibətlərə təsir edən amillərdən bəhs edilmişdir. Məruzəçi çıxışını yekunlaşdıraraq qeyd etmişdir ki, Rusiyanın Qazax xalqına qarşı əsassız iddialarla çıxış etməsi münasibətlərdə əsəb savaşının aparıldığının göstəricisidir. Səbəb isə, hər dəfə olduğu kimi, yenə də böyük güclərin nüfuz uğrunda mübarizəsidir.
Sonda seminar iştirakçıları tərəfindən məruzə mövzusu ilə bağlı maraqlı müzakirələr aparılmış, haqqında danışılan məsələlərə müəyyən əlavələr edilmiş, suallar verilmişdir. Məruzəçi sualları cavablandırmış, fəal iştiraka və maraqlı müzakirəyə görə seminar iştirakçılarına təşəkkürünü bildirmişdir.
Seminarda Tarix fakültəsinin dekanı, tarix elmləri doktoru, professor İbrahim Zeynalov; Türk xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Əsməd Muxtarova; Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova; Slavyan ölkələri tarixi kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Abutalıb Cəlilov; Türk xalqları tarixi kafedrasının əməkdaşları: tarix elmləri doktoru, professor İsmayıl Məmmədov, tarix üzrə fəlsəfə doktoru, dosent Sənubər İsmayılova, tarix üzrə fəlsəfə doktoru Şəbnəm Cəfərova, tarix üzrə fəlsəfə doktoru Xatirə Ağayeva; “Dünya azərbaycanlıları” Elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Səidə Quliyeva; Arxeologiya və Etnoqrafiya kafedrasının dosenti Rəna İbrahimova; Slavyan ölkələri tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sitarə Mustafayeva, həmçinin Tarix fakültəsinin “Regionşünaslıq (Amerika üzrə)” ixtisası tələbələri iştirak etmişlər.