Türk xalqları tarixi kafedrasında Azərbaycan və Özbəkistanda dövlət müstəqilliyinin bərpa olunmasının 35-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilmişdir
-lg.jpg)
5 may 2026-ci il tarixində “Türk xalqları tarixi” kafedrasında Azərbaycan və Özbəkistanda dövlət müstəqilliyinin bərpa olunmasının 35-ci ildönümünə həsr olunmuş “Müstəqillik illərində Azərbaycan-Özbəkistan münasibətlərinə həsr olunmuş elmi araşdırmalar” mövzusunda elmi seminar keçirilmişdir. Seminarda Fərqanə Dövlət Universiteti “Özbək tarixi” kafedrasının dosenti Şahodat Ohunjanova Özbəkistanda aparılmış elmi araşdırmalar və Bakı Dövlət Universitetinin “Türk xalqları tarixi” kafedrasının doktorantı, 2026-cı ildə MDB məkanında «İlin ən yaxşı gənc alimi» müsabiqəsinin qaliblərindən biri olmuş Zəhra Cəfərli Azərbaycanda aparılmış elmi araşdırmalar haqqında məlumat vermişlər.
Elmi seminarı Türk xalqaları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova açaraq qeyd etdi ki, seminarın mövzusu təsadüfən seçilməmişdir. Belə ki, 2026-cı ildə həm Azərbaycanın, həm də Özbəkistanın dövlət müstəqilliyinin bərpa edilməsinin 35-ci ildönümü qeyd edilməkdədir. XX əsrin 90-cı illərində SSRİ-nin dağılması ilə digər sahələrdə olduğu kimi, tarix sahəsində də ideoloji buxovlardan azad olma prosesi başlanmışdır. Sovet dövründə İttifaqın iki respublikası olan Azərbaycan və Özbəkistan arasında münasibətlər Mərkəzi hökumət vasitəsilə həyata keçirilir, tariximiz vahid “sovet xalqı” şablonu əsasında öyrənilirdisə, 1991-ci ildən sonra hər iki dövlət bir-biri ilə birbaşa, üçüncü dövlətdən asılı olmayan münasibətlər qurmağa başladılar. Bu da öz növbəsində tariximizin milli-mənəvi dəyərlər nəzərə alınmaqla yenidən yazılması zərurətini yaratmış oldu. Bundan əlavə, müstəqil olan hər iki dövlətdə ikitərəfli münasibətlərin yeni şərtlərə uyğun nəzərdən keçirilməsi, araşdırılması artıq sadəcə tarixi baxımdan deyil, həm də strateji zərurətdən irəli gəlirdi. Həmçinin, sovet dövründə “qadağan olunmuş” bir sıra mövzuların araşdırılması (məsələn, dövlətçilik tarixi, milli hərəkatlar, repressiyalar, deportasiyalar və s.) bu zərurəti bir qədər də aktual edirdi. Daha sonra söz məruzəçilərə verildi. Dosent Şahodat Ohunjanova və doktorant Zəhra Cəfərli məruzələrində müstəqillik illəri araşdırmalarının xüsusi olaraq nəzərdən keçirilməsini zəruri edən səbəblər, yeni araşdırmaların əsas istiqamətləri, konkret müəlliflərin konkret araşdırmaları haqqında məlumat verdilər. Zəhra Cəfərli müstəqillik illərində müvafiq mövzu üzrə aparılmış araşdırmaların səviyyəsini dəyərləndirərək qeyd etdi ki, vəziyyətin müsbət cəhətləri ilə yanaşı, həmçinin müəyyən boşluqlar da mövcuddur. Məsələn, araşdırmalarda “mədəni-ədəbi” çərçivədən çıxaraq “siyasi-strateji” səviyyəyə yüksəlməni, reallığa dayalı, problemləri gizlətməyən analitik yanaşma formalaşmasını müsbət dəyərləndirə bilərik. Lakin bununla belə, hələ də iqtisadi əməkdaşlığın və konkret geosiyasi risklərin (məsələn, Əfqanıstan faktoru və ya regiondakı böyük güclərin rəqabəti) Azərbaycan-Özbəkistan müstəvisində birgə araşdırılmasında daha çox boşluqlar var.
Daha sonra elmi seminar maraqlı müzakirələrlə davam etdirildi. Elmi seminarın diqqətə layiq göstəricilərindən biri də, bu seminarda ilk dəfə haqqında bəhs edilən mövzu ilə bağlı praktik tövsiyələrin irəli sürülməsi oldu. Bunlar: Birgə Elmi Mərkəzlərin yaradılması - Azərbaycan və Özbəkistan tarixçiləri və politoloqlarından ibarət daimi fəaliyyət göstərən işçi qruplarının yaradılması; "Gənc tədqiqatçı" Platformasının yaradılması - hər iki ölkənin magistrant və doktorantları üçün ortaq qrant proqramlarının təsis edilməsi; Araşdırmaların mənbəşünaslıq bazasının rəqəmsallaşdırılması – gələcəkdə aparılacaq araşdırmaların mənbə bazasını gücləndirmək məqsədilə Bakı və Daşkənd arxivlərindəki ortaq tarixə dair sənədlərin vahid rəqəmsal reyestrinin yaradılması; Ortaq tədqiqat mövzularının müəyyənləşdirilməsi - Məsələn, iki ölkə alimlərinin/gənc araşdırmaçıların birgə iştirakı ilə münasibətlərin son 35 ilini əhatə edən «Faktlar və sənədlər» toplusunun hazırlanmasına başlanması; "Türkofobiya"ya qarşı birgə intellektual mübarizə- Regiondakı toqquşan maraqların yaratdığı süni maneələri elmi şəkildə ifşa edəcək müştərək əsərlərin, xüsusilə də xarici dillərdə, hazırlanması və nəşr etdirilməsi təklifləri idi.
Elmi seminarda fakültənin əməkdaşları, magistrant və doktorantları iştirak edirdilər.