Tarix fakültəsində “XX əsrdə Cənubi Qafqazda qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
29 aprel 2026-cı il saat 11:00-da Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasında “XX əsrdə Cənubi Qafqazda qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” mövzusunda elmi seminar keçirilmişdir. Seminarı kafedra müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynova açaraq XX əsrdə Cənubi Qafqazın mürəkkəb siyasi proseslər, sərhəd dəyişiklikləri və etnik qarşıdurmalarla səciyyələndiyini qeyd etmiş, bu dövrdə azərbaycanlıların da ciddi demoqrafik dəyişikliklər və məcburi köçürülmələrə məruz qaldığını vurğulamışdır. Xüsusilə indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların taleyinin tarixşünaslıqda mühüm tədqiqat mövzusu olduğu diqqətə çatdırılmışdır.
Məruzəçi Cəmilə Ələkbərova çıxışında Çar Rusiyası dövründə, xüsusilə Türkmənçay və Ədirnə müqavilələrindən sonra aparılan köçürmə siyasətinin regionun etnik-demoqrafik strukturuna təsir etdiyini bildirmişdir. O, XX əsrin əvvəllərində fəaliyyət göstərən erməni təşkilatlarının fəaliyyəti fonunda 1905–1906-cı illər erməni-müsəlman toqquşmalarını təhlil etmişdir. 1918–1920-ci illər hadisələri, o cümlədən Mart hadisələri və Qafqaz İslam Ordusunun Bakı yürüşü kontekstində hakimiyyət uğrunda mübarizənin etnik zorakılıqlarla müşayiət olunduğu qeyd edilmişdir.
Sovet dövrünün ilk illərində sərhədlərin müəyyənləşdirilməsi və Ermənistan SSR-in formalaşmasının azərbaycanlıların vəziyyətinə təsiri izah olunmuşdur. Xüsusilə SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il qərarı əsasında 1948–1953-cü illərdə 100 mindən çox azərbaycanlının Ermənistan SSR-dən Kür-Araz ovalığına köçürüldüyü vurğulanmışdır. Həmçinin 1988–1991-ci illərdə 200 mindən artıq azərbaycanlının Ermənistan ərazisini tərk etməyə məcbur qaldığı qeyd olunmuşdur. Məruzənin sonunda Heydər Əliyevin bu məsələyə verdiyi siyasi-hüquqi qiymət, xüsusilə 1997-ci il fərmanı əsasında deportasiyalara rəsmi münasibətin bildirilməsi diqqətə çatdırılmışdır.
“XX əsrdə Cənubi Qafqazda qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti” mövzusunda keçirilən elmi seminar Magistratura səviyyəsində və Regionşünaslıq (Qafqaz üzrə) ixtisasında təhsil alan RQİ013 qrup tələbələri tərəfindən diqqətlə dinlənilmiş, böyük marağa səbəb olmuş, geniş fikir mübadiləsi şəraitində keçirilmişdir.