Tarix fakültəsində “Birinci Türkoloji Qurultayda iştirak etmiş V.V. Bartoldun məruzəsində əhali məskunlaşması və artımına dair tarixi-demoqrafiya məsələləri” mövzusunda elmi seminar keçirilmişdir

30 aprel 2026-cı ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarix üzrə fəlsəfə doktoru, dosent Aydın Məmmədovun “Birinci Türkoloji Qurultayda iştirak etmiş V.V. Bartoldun məruzəsində əhali məskunlaşması və artımına dair tarixi-demoqrafiya məsələləri” mövzusunda elmi seminarı keçirilmişdir.
Elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova elmi seminarın əhəmiyyəti haqqında məlumat verərək bildirdi ki, ötən əsrin 20-ci illəri Azərbaycan tarixində təkcə aprel işğalı ilə deyil, eyni zamanda mədəni həyatımızda baş verən mühüm hadisələrlə yadda qalmışdır ki, bu hadisələr sırasında 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay xüsusi yer tutur. Təsadüfi deyildir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamında bu qurultay türk xalqlarının mədəni inteqrasiyasında mühüm mərhələ kimi qiymətləndirilir.
Məruzəçi Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov bildirdi ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın təşkilatçılarından biri olan görkəmli tarixçi alim və türkoloq V.V.Bartold hələ 20-ci illərin əvvəllərində Bakıya dəvət olunmuş, 1924-cü ilin noyabr-dekabr aylarında Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Qafqazın, Azərbaycanın, eləcə də türk xalqlarının qədim və orta əsrlər tarixinin vacib məqamlarnı, mənşəyini əks etdirən 20 mühazirə oxumuşdur. Birinci Türkoloji Qurultaydakı “Türk xalqlarının tarixinin öyrənilməsinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr” adlı mövzu ilə çıxışından (27 fevral 1926-cı il) cəmi bir il əvvəl-1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti tərəfindən V.Bartoldun yuxarıda xatırlanan 20 mühazirəsini özündə cəm edən “Xəzəryanı bölgələrin müsəlman dünyası tarixindəki yerinin öyrənilməsi” və “Azərbaycan tarixinin qısa xülasəsi” adlı iki əsəri nəşr olunmuşdur.
Seminarda qeyd edildi ki, görkəmli alim V.V. Bartoldun tarixi-demoqrafik baxışları geniş şərh edərək Bartoldun türk xalqlarının əhali məskunlaşması və artım proseslərini tarixi mənbələr əsasında müqayisəli şəkildə təhlil etdiyini, bu proseslərin coğrafi, iqtisadi və siyasi amillərlə sıx bağlı olduğunu əsaslandırdığını vurğuladı. Məruzəçi bildirdi ki, Azərbaycanın, türk xalqlarının filoloji və tarixi problemlərini yorulmadan araşdıran V.Bartoldun tədqiqat əsərləri ötən əsrin 20-ci illərinin əvvəllərindən başlayaraq Vətən tarixşünaslığımızın inkişafına bəxş etdiyi ən böyük töhfələrdən sayıla bilər. Böyük alimin xalqımızın qədim həyat fəlsəfəsini özündə əks etdirən mifoloji baxışlar və inanclar sistemimizdə, dastanlarımızda əhali problemlərinə dair böyük elmi əhəmiyyət kəsb edən araşdırmaları vətənimizin tarixi demoqrafiyasının, ulu əcdadlarımızın demoqrafik təfəkkürünün, məskunlaşma, əhali artımı, miqrasiya ilə bağlı mülahizələrinin, dünyagörüşünün, eləcə də bütövlükdə demoqrafik problemlərin tədqiqi, öyrənilməsi baxımından da misilsiz bir xəzinədir. Məhz bu mənada V.Bartoldun elmi yaradıcılığına, xalqımızın qədim və orta əsrlər tarixinə dair əsərlərinə böyük hörmətlə yanaşılır.
Məruzəçi Bartoldun elmi irsinin sistemləşdirilməsi və onun tarixi demoqrafiyanın inkişafındakı rolu xüsusi vurğulayaraq qeyd etdi ki, alimin yanaşmaları müasir tədqiqatlar üçün mühüm metodoloji baza təşkil edir.
Fakültənin professor-müəllim heyəti və magistlarının iştirakı ilə keçən elmi seminar maraqlı müzakirələrlə yadda qaldı.