Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Xocalı faciəsi”nə həsr olunmuş elmi-maarifləndirici tədbir keçirilmişdir
-lg.jpg)
23.02.2026-cı il tarixində Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə “Xocalı faciəsi”nə həsr olunmuş elmi-maarifləndirici tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi XX əsrin sonlarında Azərbaycan xalqının üzləşdiyi ən ağır humanitar faciələrdən biri olan Xocalı soyqırımı barədə tarixi faktların elmi əsaslarla təqdim edilməsi, hadisənin siyasi-hüquqi mahiyyətinin təhlili və beynəlxalq müstəvidə qiymətləndirilməsi olmuşdur. Tədbirdə Tədris işləri üzrə dekan müavini Aytən Abbasova Quliyeva, Amerika və Avropa ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, fəlsəfə doktoru Məmmədağa Baxışov, həmçinin həmin kafedranın müəllimi Nurdan Əsədova iştirak etmişlər. Çıxış edənlər Xocalı faciəsinin başvermə səbəblərini, tarixi-siyasi kontekstini, münaqişə şəraitində mülki əhaliyə qarşı törədilmiş zorakılıq faktlarını arxiv materialları, şahid ifadələri və beynəlxalq təşkilatların hesabatları əsasında təhlil etmişlər. Məruzələrdə hadisənin beynəlxalq hüquq baxımından qiymətləndirilməsi, insan hüquq və azadlıqlarının kobud şəkildə pozulması faktları, eləcə də bir sıra dövlət və beynəlxalq qurumlar tərəfindən soyqırımı kimi tanınması məsələləri diqqətə çatdırılmışdır. Bununla yanaşı, faciənin Azərbaycan cəmiyyətində milli yaddaşın formalaşmasına, dövlətçilik ideologiyasının möhkəmlənməsinə və beynəlxalq informasiya siyasətinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə təsiri elmi aspektdən izah olunmuşdur. Tədbir çərçivəsində tələbələrin mövzu ətrafında fikir mübadiləsi aparmaları, suallar ünvanlamaları və müzakirələrdə fəal iştirak etmələri təmin edilmişdir. Sonda vurğulanmışdır ki, Xocalı faciəsinin tarixi həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu istiqamətdə elmi araşdırmaların genişləndirilməsi və beynəlxalq hüquqi qiymətin verilməsi Azərbaycan tarixşünaslığının və müasir siyasi diskursun mühüm vəzifələrindən biridir.