"Tarixi tədqiqatlarda riyazi metodlardan istifadənin əhəmiyyəti" mövzusunda elmi seminarı keçirilmişdir.
15 oktyabr 2024-cü ildə saat 12:00-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının "Tarixi tədqiqatlarda riyazi metodlardan istifadənin əhəmiyyəti" mövzusunda elmi seminarı keçirilmişdir. İştirakçıları salamlayan Tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Kəmalə Nəcəfova tədbir iştirakçılarına elmi seminarın mövzusunun aktuallığından bəhs edərək bildirdi ki, Tarix fakültəsində mühüm məsələlərlə bağlı elmi seminar keçirilir.
Daha sonra Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Aydın Məmmədov elmlərin şahı adlandırılan riyaziyyatın digər elmlərin öyrənilməsində də böyük rolu olduğunu bildirdi. Müasir tarix elmində riyaziyyat ən mürəkkəb problemlərin çoxunu həll etmək üçün ən optimal vasitələrdən biridir. XVII əsrdən bəri bir çox yeni riyazi nəzəriyyələr və ideyalar meydana çıxdı, lakin bu gün də əsas riyazi təhsil hələ də əsasən XVII əsrdə formalaşmış riyazi biliklərin təməl bazasına əsaslanır. Lakin bu riyaziyyatın ancaq sadə və mürəkkəb hesablamalardan ibarət konservativ bir elm olması demək deyildir. Məşhur riyaziyyatçı V.Yermakovun sözlərilə desək: “Riyaziyyatın mahiyyəti düsturlarda yox, bu düsturların alındığı təfəkkür prosesindədir.”Riyazi düşüncə, problemlərin həllinə riyazi nöqteyi-nəzərdən yanaşmaq ilk növbədə yaradıcı təxəyyül, zəngin dünyagörüşü, hətta fantaziyaya malik olma bacarığı tələb edir. Aydın Məmmədov qeyd etdi ki, təsadüfi deyildir ki, riyaziyyat elminin müxtəlif sahələrinin inkişafına böyük töhfələr vermişdir.
Bəs tarixçiyə necə riyaziyyat lazımdırmı? Belə bir deyim var “elm ancaq riyaziyyatdan istifadə etməyə müvəffəq olduqda kamilliyə nail olur” Bu gün riyaziyyat demək olar ki, elmin bütün sahələrinə nüfuz etmiş, yeni elmi istiqamətlərin yaranmasına və inkişafına ciddi şəkildə təsir göstərmişdir. Riyaziyyat çox vaxt tarixçilərə yeni faktlar, yeni mənbələr aşkar edə bilən, konsepsiya yaradan, mübahisəli məsələlərə son qoyan, toplanmış məlumatları ümumiləşdirən, bəşəriyyətin keçdiyi yola daha obyektiv baxmağa təsir edən, yeni perspektivlər aça bilən “açar” rolunu oynayır.Tarixi tədqiqatlarda riyazi metodlardan istifadə və onların nəticələrini şərh edərkən, keyfiyyət və kəmiyyət göstəricilərinin vəhdəti böyük əhəmiyyət kəsb edir. Kəmiyyət parametrlərində bir keyfiyyət çərçivəsində dəyişikliklər baş verə bilər, yaxud hadisənin yeni mahiyyət, yeni keyfiyyət əldə etməsinə səbəb ola bilər.
Geniş auditoriya iştirakçıları dosent Aydın Məmmədovun çıxışını çox maraqla dinlədilər. Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin 105 illik yubileyi çərçivəsində silsilə tədbirlərin həyata keçirildiyi Tarix fakültəsində bu seminar böyük izdihamla keçirildi və müəllim-tələbə çox geniş və məzmunlu çıxışı dinlədilər.
İki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələlə yadda qaldı.