Qafqaz xalqları tarixi kafedrası “1922-1936-cı illərdə Cənubi Qafqaz Federasiyası və Azərbaycan” mövzusunda ustad dərsi keçirilmişdir
-lg.jpg)
07 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının təşkilatçılığı ilə AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyevin “1922-1936-cı illərdə Cənubi Qafqaz Federasiyası və Azərbaycan” mövzusunda ustad dərsi keçirilmişdir. Ustad dərsində Tarix fakültəsinin dekanı İbrahim Zeynalov, Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə Hüseynova, dekan müavinləri Kəmalə Nəcəfova və Aytən Abbasova-Quliyeva, Qafqaz xalqları tarixi kafedrasının professor-müəllim heyəti, Regionşünaslıq (Qafqaz üzrə) ixtisaslaşmasında və Tarix ixtisasında təhsil alan tələbələr iştirak edirdilər.
Tədbiri açıq elan edən Qafqaz xalqları tarixi kafedrasının müdiri, t.e.d., professor İradə Hüseynova qeyd etdi ki, 2026-cı ildə 1922-ci ilin martında yaradılmış və Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR-ni vahid federativ struktur çərçivəsində birləşdirən Zaqafqaziya Sosialist Federativ Sovet Respublikasının (ZSFSR) ləğv edilməsinin 90 illiyi tamam olur. 1922-ci ilin dekabrında ZSFSR Sovet Sosialist Respublikaları İttifaqının (SSR) təsisçilərindən biri kimi çıxış etmiş və Cənubi Qafqazda sovet quruculuğu modelinin mühüm elementi olmuşdur.
Tarix fakültəsinin dekanı, t.e.d., professor İbrahim Zeynalov vurğuladı ki, Sovet dövründə Zaqafqaziya Federasiyasının tarixinin tədqiqi erməni, gürcü və azərbaycanlı zəhmətkeşlərin federativ sosialist sovet dövlət çərçivəsində birləşməsinə aparan qanunauyğun və mütərəqqi mərhələ kimi təqdim edilirdi. Eyni zamanda, ZSFSR yaradılması respublikaların yaxınlaşmasına və sonradan vahid sovet dövlətinin birləşməsinə xidmət edən keçid forması kimi qiymətləndirilirdi. Bu məntiqə, əsasən, 1936-cı ildə federasiyanın ləğvi və respublikaların müstəqil ittifaq subyektlərinə çevrilməsi sovet dövlətçiliyinin inkişafının növbəti mərhələsi kimi şərh edilirdi.
AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev elmi məruzəsində qeyd etdi ki, Zaqafqaziya Federasiyanın formalaşması və inkişafı tarixində mövcud olan ayrı-ayrı “ ağ ləkələrin” araşdırılmasını məhdudlaşdıran ideoloji və senzura mexanizmlərinin təsiri ilə şərtlənirdi.
Bu səbəbdən, SSRİ-nin dağılmasından sonra Zaqafqaziya Federasiyasının tarixi yenidən aktuallıq qazandı. Bu, bir sıra amillərlə bağlı idi. İlk növbədə, SSR-nin süqutu ərəfəsində Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyada baş verən münaqişələr fonunda millətlərarası münasibətlərin tarixi köklərinin öyrənilməsi xüsusi əhəmiyyət kəsb etməyə başladı. Bundan əlavə, arxiv sənədlərinin məxfiliyini aradan qaldırılması federasiyanın yaranma səbəblərini, fəaliyyət xüsusiyyətlərini və ləğv edilməsini daha dərindən araşdırmağa imkan verdi.
Müasir tədqiqatlarda Zaqafqaziya Federasiyasını artıq beynəlmiləl birliyin nümunəsi kimi deyil, daha çox ittifaq mərkəzinin təşəbbüsü ilə yaradılmış və strateji əhəmiyyətli, etnik baxımdan mürəkkəb region üzərində nəzarəti gücləndirməyə yönəlmiş siyasi konstruksiya kimi qiymətləndirilir. Bu kontekstdə respublikaların “könüllü birləşməsi”nin formal xarakteri və milli maraqların sıxışdırılması halları xüsusi vurğulanır.
Tədqiqatlarda İ.V.Stalin muxtariyyətləşmə planının və 1922-ci il “gürcü işi”nin təhlili mühüm yer tutur. Bu münaqişə sovet federativ sisteminin formalaşmasının mürəkkəbliyini açıq şəkildə göstərirdi. P. Mdvivani, F. Maxaradze, N.Nərimanov kimi liderlərin baxışları artıq SSRİ-nin qurulmasından inzibati-bürokratik metodlara qarşı etiraz kimi qiymətləndirilir. Məxfilikdən çıxarılan məktublar, teleqramlar və danışıqlar hadisələrin dinamikasını daha dolğun şəkildə bərpa etməyə imkan vermişdir.
Bununla belə, həm yerli, həm də xarici tarixşünaslıqda ZSFSR tarixi hələ də kifayət qədər öyrənilməmiş problem olaraq qalır.
“1922–1936-cı illərdə Cənubi Qafqaz Federasiyası və Azərbaycan” mövzusunda tarix elmləri doktoru İlqar Niftəliyevin keçirdiyi ustad dərsi professor-müəllim heyəti və tələbələr tərəfindən böyük maraqla qarşılanmış, diqqətlə dinlənilmişdir. Ustad dərsi zamanı mövzu ətrafında geniş fikir mübadiləsi aparılmış, tarixi hadisələr müxtəlif aspektlərdən təhlil edilmişdir. İştirakçıları maraqlandıran suallar ətraflı şəkildə, zəngin faktoloji materiallara və elmi əsaslara söykənərək cavablandırılmış, müzakirələr isə yüksək akademik səviyyədə keçmişdir.