Tarix fakültəsinin doktorantı M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin beynəlxalq elmi konfransında iştirak etmişdir
-lg.jpg)
BDU-nun Tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının doktorantı Balamirzə Aydın oğlu Məmmədli 20-21 mart 2026-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsində keçirilən «Власть и общество в историческом опыте человечества» (“Bəşəriyyətin tarixi təcrübəsində hakimiyyət və cəmiyyət”) adlı tələbə, aspirant və gənc alimlərin 5-ci Beynəlxalq Elmi Konfransında iştirak edərək «Власть и общественные факторы в формировании первых постсоветских азербайджано-французских отношений: взгляд азербайджанской историографии» (“Azərbaycan-Fransa ilk postsovet münasibətlərinin formalaşmasında hakimiyyət və cəmiyyət amilləri: Azərbaycan tarixşünaslığından baxış”) mövzusunda məruzə ilə çıxış etmişdir.
Doktorant SSRİ-nin dağılmasından sonrakı ilk illərdə Azərbaycan Respublikası ilə Fransa arasında münasibətlərin inkişafına təsir edən əsas siyasi-ictimai prosesləri təhlil edərək onların Azərbaycan tarixşünaslığında necə öz əksini tapmasından bəhs etdi. Məruzədə Azərbaycan-Fransa münasibətlərinin “soyuq dövrü”nün (1991-iyun 1993) səbəbləri, ikitərəfli münasibətlərin nəyə görə məhz 1993-cü ilin ikinci yarısından sonra normallaşaraq uğurla inkişaf etməyə başlaması tarixşünaslıq materiallarının müqayisəli təhlili əsasında beynəlxalq akademik ictimaiyyətin diqqətə çatdırıldı. Sonda doktorant konfrans iştirakçılarının çoxsaylı suallarını cavabladı.
Dünyanın aparıcı və nüfuzlu universitetlərindən biri kimi tanınan M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təşkil edilən beynəlxalq elmi konfransda iştirak gənc tədqiqatçıların elmi-tədqiqat nəticələrinin qlobal elmi mühitə inteqrasiyasına töhfə verməklə yanaşı, həm də Bakı Dövlət Universitetinin qlobal akademik məkanda mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Konfrans barədə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rəsmi saytında məlumat: https://www.hist.msu.ru/students/sno/news/110528/