Tarix fakültəsinin Tarix ixtisası üzrə IV kurs əyani və V kurs qiyabi tələbələri İstehsalat (arxeoloji-etnoqrafik) təcrübəsində oldular.
2023-2024-cü tədris ilində Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix ixtisası üzrə IV kurs əyani və V kurs qiyabi tələbələri İstehsalat (arxeoloji-etnoqrafik) təcrübəsində oldular. Tələbələr Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasında, Qobustan Milli Tarix-Bədii Qoruğunda, Quba Soyqırımı Memorial Kompleksində, S.Ə.Şirvani adına Şamaxı şəhər Tarix-Diyarşünaslıq muzeyində, Qəbələ arxeoloji mərkəzində, “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda təcrübə keçmişlər.
İstehsalat təcrübəsi aprel ayının 12-də başlamış və iyul ayının 4-də bitmişdir.
İstehsalat təcrübəsi 2024-cü ilin aprel ayının 12-dən may ayının 30-dək Arxeologiya və Etnoqrafiya kafedrasında keçirilmiş, kafedranın müəyyən etdiyi mövzular üzrə tələbələrə çöl arxeoloji-etnoqrafik tədqiqat üsulları, çöl arxeologiyasında təbiət elmləri metodlarının tətbiqi, cöl tədqiqatlarında sənədləşdirmə, cöl tədqiqatlarında arxeoloji materialların ilkin konservasiyası və s. mühazirələr formasında məlumat verilmiş, tələbələrlə müzakirələr aparılmışdır. Həmin müddətdə M.Hüseynov adına Arxeologiya və etnoqrafiya muzeyinin materiallarından əyani vəsait kimi istifadə olunmuş, tələbələrə muzeyin arxeoloji və etnoqrafik eksponatları ilə bağlı informasiya verilmişdir.
31.05.2024-03.06.2024-cü il tarixində tələbələr İstehsalat təcrübəsini Qobustan Milli Tarix-Bədii Qoruğunda davam etdirmiş, üst paleolitdən orta əsrlərə qədər müxtəlif təyinatlı arxeoloji abidələri: qayaüstü təsvirlər, mezolit-neolit düşərgələri, tunc dövrü kurqanları, məzar daşlarıvə s. tanış olmış, çöl tədqiqat üsulları üzrə aldıqları bilgilər yoxlanılmış və dəyərləndirilmişdir.
04-06 iyun 2024-cü il tarixlərində tələbələr Quba Soyqırımı Memorial Kompleksində təcrübə keçmiş, tarixi faciəni əks etdirən foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla tanış olmuşlar.
07-10 iyun tarixlərində İstehsalat təcrübəsi S.Ə.Şirvani adına Şamaxı şəhər Tarix-Diyarşünaslıq muzeyində keçirilmiş, tələbələr Şamaxı ərazisində aparılan arxeoloji qazıntılar nəticəsində əldə olunan və muzeydə nümayış etdirilən artefaktlar əsasında Şamaxının ən qədim dövrlərindən başlamış son orta əsrlərədək maddi mədəniyyəti ilə tanış olmuş, həmçinin epiqrafik, numizmatik tapıntılar, etnoqrafik eksponatlar haqqında informasiya almışlar.Təcrübə zamanı tələbələr həm də VIII əsrdə inşa olunmuş, dəfələrlə təmir-bərpa işlərinə baxmayaraq ilkin plan quruluşunu qoruyub saxlamış Şamaxı Camesində olmuş, Camenin nəzdində fəaliyyət göstərmiş və arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış səlcuq dövrü mədərəsənin qalıqlarına baxış keçirilmiş və müzakirələr aparılmışdır.
11-13 iyun tarixlərində Qəbələ Arxeoloji Mərkəzində təcrübə zamanı tələbələr Qəbələ şəhər yerinin “Səlbir” və “Qala” adlanan sahələrində aparılan arxeoloji qazıntılar nəticəsində üzə çıxarılmış istehkam tikililərinin qalıqları, torpaq qəbirlər, hidroqurğu qalıqları, müxtəlif təyinatlı tikili qalıqlarını, cöl arxeoloji tədqiqatlarında tətbiq edilən vasitələrlə tanış olmuş, Arxeoloji mərkəzin muzeyində nümayiş etdirilən eksponatlar əsasında şəhərin antik dövrdən son əsrlərdək, 2000 ildən artıq dövr müddətində maddi mədəniyyətini izləməyə bilmişlər. Muzeydəki laboratoriya isə arxeoloji qazıntılar zamanı üzə çıxarılan müxtəlif təyinatlı artefaktların ilkin konservasiyası prosesini dərk etmək baxımından əhəmiyyətli olmuşdur.
14 iyun- 04 iyul tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində arxeoloji-etnoqrafik təcrübənin gedişatında tələbələr Azərbaycanın şəhərsalma ənənələrinin daşıyıcısı olan İçərişəhər, onun ərazisindəki abidələr haqqında bilgilər almış, Qız qalası və onun ətrafındakı arxeoloji və memarlıq abidələri ilə, arxeopark ilə, İçərişəhərdəki AMEA Arxeologiya və etnoqrafiya muzeyinin zəngin eksponatları ilə tanış olmuşlar və müzakirələr aparılmışdır.
İstehsalat təcrübə keçən tələbələr fəallıq göstərmiş, öz bilik və bacarıqlarını məharətlə nümayış etdirə bilmişdirlər. Bunun əsasında təcrübə aparan rəhbərlər tələbələri yüksək qiymətləndirilmişdir. Eyni zamanda bəzi tələbələrdə qabliyyətini möhkəmləndirmək məqsədilə onlara müəyyən tövsiyələr verilmişdir.
Tələbələrin istehsalat təcrübəsində iştirakı qənaətbəxşdir və aldıqları nəzəri biliklərin möhkəmləndirilməsini təmin etmişdir. Təcrübə keçən tələbələrin hesabatları yoxlanılmış və onların istehsalat təcrübə fəaliyyəti qiymətləndirilmişdir.