TARİX FAKÜLTƏSİNİN MAGİSTRANT VƏ DOKTORANTI “MDB-NİN ƏN YAXŞI GƏNC ALİMİ - 2026” ADINA LAYİQ GÖRÜLÜBLƏR
-lg.jpg)
Tarix fakültəsinin “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” kafedrasının I kurs magistrantı Lalə Bağırova və “Türk xalqları tarixi” kafedrasının I kurs doktorantı Zəhra Cəfərli 2026-cı ilin mart ayında Qazaxıstanın Astana şəhərində keçirilən “MDB-nin Ən yaxşı gənc alimi - 2026” müsabiqəsində iştirak ediblər. Müsabiqəyə təqdim edilən məqalələr I dərəcəli diploma layiq görülüb, özləri “Ən yaxşı gənc alim - 2026” medalı və diplomu ilə təltif ediliblər.
Lalə Bağırova – “The position of the United States in the Abkhazia and South Ossetia issues” / “ABŞ-nin Abxaziya və Cənubi Osetiya məsələlərində mövqeyi” (elmi rəhbər: t.ü.f.d. Aytən Abbasova-Quliyeva)
Zəhra Cəfərli – “The role of Turkic states in reconstruction projects in the liberated territories of Karabagh (The case of Uzbekistan)” / “Qarabağın azad olunmuş ərazilərində yenidənqurma layihəsində türk dövlətlərinin rolu (Özbəkistan nümunəsində)”
Məqalələrin annotasiyası
Lalə Bağırova məqaləsində postsovet dövründə Cənubi Qafqazda formalaşmış Abxaziya və Cənubi Osetiya münaqişələrində ABŞ-nin mövqeyini və rolunu təhlil edir. Məqalə regionun geosiyasi əhəmiyyətini, etno-siyasi münaqişələrin tarixi köklərini və bu proseslərdə böyük güclər arasında rəqabətin təsirini araşdırır. Xüsusilə ABŞ-nin Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstək, enerji təhlükəsizliyi siyasəti və Rusiyanın regiondakı təsirinin balanslaşdırılması istiqamətində apardığı siyasət geniş şəkildə təhlil olunur. Məqalədə həmçinin ABŞ-nin diplomatik yanaşması, beynəlxalq vasitəçilik mexanizmlərində iştirakı və münaqişələrin həllində çoxtərəfli diplomatiyaya üstünlük verməsi vurğulanır. 2008-ci il Rusiya-Gürcüstan müharibəsi kontekstində ABŞ-nin siyasəti və regionda təhlükəsizlik balansına təsiri də xüsusi diqqət mərkəzindədir.
Zəhra Cəfərli məqaləsində işğaldan azad edilmiş Qarabağ ərazilərində həyata keçirilən bərpa və inkişaf proseslərində türk dövlətlərinin rolunu, xüsusilə Özbəkistan nümunəsi əsasında araşdırır. Məqalə Azərbaycan-Özbəkistan münasibətlərinin tarixi və siyasi konteksti çərçivəsində, qardaşlıq və strateji tərəfdaşlıq prinsiplərinə uyğun olaraq Özbəkistanın Qarabağda reallaşdırdığı humanitar, təhsil və iqtisadi təşəbbüsləri təhlil edir. Xüsusilə Füzuli şəhərində məktəbin inşası, kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanları və investisiya təşəbbüsləri türk dövlətləri arasında həmrəyliyin konkret təzahürləri kimi qiymətləndirilir. Məqalədə bu əməkdaşlığın regional sabitlik, davamlı inkişaf və türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsi baxımından əhəmiyyəti də vurğulanır. Nəticə olaraq, Özbəkistanın Qarabağa verdiyi töhfələr türk dövlətləri arasında ortaq məsuliyyət hissinin və qarşılıqlı dəstəyin gücləndiyini nümayiş etdirir.
Müsabiqəyə təqdim edilən məqalələrin impakt faktorlu “Elmdə Sonsuz İşıq” («Endless Light in Science») adlı beynəlxalq elmi jurnalında dərc edilməsi nəzərdə tutulur.