Tarix fakültəsinin əməkdaşları respublika elmi konfransında iştirak ediblər
-lg.jpg)
Tarix fakültəsinin əməkdaşları may ayının 14-də görkəmli şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın 85 illik yubileyinə həsr olunmuş “Yaxın və Orta Şərq xalqlarının ədəbi-mədəni əlaqələrində ortaq abidələrin tədqiqi” mövzusunda Respublika elmi konfransında iştirak etmişlər.
Tarix fakültəsinin əməkdaşları proqrama uyğun olaraq müxtəlif panel və elmi sessiyalarda çıxış etmişlər. Dekan müavini, baş müəllim Aytən Abbasova-Quliyeva və “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” elmi tədqiqat laboratoriyasının müdiri dosent Səidə Quliyeva “Azərbaycanın XIX-XXI əsrlər türk dünyası və Yaxın Şərq arasında elmi-mədəni əlaqələrdə rolu”, Türk xalqları tarixi kafedrasının dosenti Sevinc Ruintən “Əhməd Cavad və Mehmet Akif Ersoy yaradıcılığı nümunəsində 100 illik inamın poeziyası”, Türk xalqları tarixi kafedrasının doktorantı Zəhra Cəfərli “Modernism in the literature of turkic people: comparative analysis in the case of Azerbaijan and Uzbekistan literature” (“Türk xalqları ədəbiyyatında modernizm: Azərbaycan və Özbəkistan ədəbiyyatı nümunəsində müqayisəli təhlil”), Qədim dünya və orta əsrlər tarixi kafedrasının əməkdaşı t.f.d. Sevil Heydərova və “Azərbaycanın maddi-mədəniyyəti tarixi” elmi tədqiqat laboratoriyasının elmi işçisi Nigarxanım Qasımova “Kitabi Dədə Qorqud” dastanının ortaq türk mədəni abidə kimi tarixi əhəmiyyəti” mövzusunda məruzə etmişlər.
Müxtəlif bölmələrdə təşkil edilən konfransın işində Tarix fakültəsinin əməkdaşlarının məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmış və geniş müzakirə edilmişdir. Bakı Dövlət Universitetində yarandığı gündən bu günə tarixçi və şərqşünas kadrların hazırlanması, türk və islam dünyası ilə əlaqələr, Azərbaycanda aparılan tədqiqatların müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırılması, multidisiplinar tədqiqatlar barədə geniş fikir mübadiləsi aparılmışdır.