Tarix fakültəsinin “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-ində elmi seminar keçirilmişdir
-lg.jpg)
6 mart 2026-cı il tarixində Azərbaycan tarixi (təbiət fakültələr üzrə) nəzdində “Dünya azərbaycanlıları: tarixi-demoqrafiya” ETL-inin müdiri dosent Səidə Quliyevanın “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının yubiley tədbirində çıxışında tarix elmi qarşısında qoyulan əsas vəzifələr” mövzusunda elmi seminarı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubileyindəki konseptual çıxışından irəli gələn strateji vəzifələrin təhlilinə həsr olunmuş seminarda, dövlət başçısının nitqi Azərbaycanın humanitar elmlər sahəsindəki yeni "yol xəritəsi" kimi qiymətləndirilmişdir. Tədbirdə tarixin tədqiqi və beynəlxalq təbliğat, tarixin dövrləşdirilməsi, 44 günlük Vətən müharibəsində qazanılan mütləq Zəfərin elmi-nəzəri konsepsiyasının işlənilməsi, Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı infrastruktur layihələrinin, şəhərsalma fəaliyyətinin cari tarixini yazmaq, salnaməsinin yaradılması, ideologiya, milli özünüdərk və dövlətçilik şüurunun gənc nəslə aşılanması, habelə Qərbi Azərbaycana qayıdış strategiyasının tarixi-hüquqi əsaslandırılması tarixçi alimlər qarşısında duran prioritet istiqamətlər kimi vurğulanmışdır. Xüsusilə, erməni saxtakarlığına qarşı elmi faktlarla mübarizə, çar Rusiyası dövrünə aid xəritələr və arxiv sənədləri əsasında tarixi həqiqətlərin təbliği, Azərbaycanın yeni rəqəmsal arxitekturası çərçivəsində tarixi irsimizin rəqəmsallaşdırılaraq dünya ictimaiyyətinə çatdırılması seminarın əsas müzakirə mövzularını təşkil etmişdir. Yekunda qeyd olunub ki, müasir Azərbaycan tarixşünaslığı mütləq suverenliyini bərpa etmiş qalib millətin quruculuq salnaməsini və texnoloji inkişaf meyillərini əks etdirən yeni bir mərhələyə qədəm qoyub.
Seminarda iştirak edən Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, böyük elmi işçi Ulduz Paşayeva, dosent Sevinc Ruintən mövzu ilə əlaqəli müzakirələr aparmışlar. Qeyd edilmişdir ki, tarix elmində müasir çağırışlara uyğun yeni istiqamətlərə diqqət artırılmalıdır. Elmi tədqiqat laboratoriyalarının növbəti mövzuları müəyyən edilərkən bu gün müzakirə edilən tələblər və istiqamətlər əsas götürülməlidir. Eyni zamanda, tarixi tədqiqatların indekslənən jurnallarda və xarici dillərdə yayımlanması zamanın tələbidir.