Tarix fakültəsinin dosenti Rövşən Hətəmovun "Avropa tarixi (yeni dövr)" adlı dərsliyi nəşr edilmişdir
Tarix fakültəsinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kaferdrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmovun "Avropa tarixi (yeni dövr)" adlı dərsliyi nəşr edilmişdir.
Dərslik Ali təhsilin bakalavriat səviyyəsi üzrə "050214 - Tarix" ixtisası tələbələri üçün nəzərdə tutulmuşdur. Bakı Dövlət Universitetinin Elmi Şurasının 21 fevral 2024-cü il tarixli iclasının qərarı və Rektorun müvafiq əmri ilə nəşr hüququ verilmiş dərsliyin birinci hissəsi 560 səhifə (35 ç.v.), ikinci hissəsi 688 səhifə (43 ç.v.) təşkil edir.
Dərsliyin birinci hissəsində XVII əsrin I yarısından 1815-ci ilə kimi, II hissəsində isə 1815-ci ildən 1918-ci ilə kimi olan dövrdə Avropanın aparıcı dövlətlərinin keçdiyi tarixi inkişaf mərhələləri nəzərdən keçirilmişdir. Burada Avropanın bir sıra ölkələrində baş vermiş mühüm siyasi, iqtisadi və sosial dəyişikliklərdən, inqilab və müharibələrdən, hökumətlərin daxili və xarici siyasətlərindən, Avropa ölkələrinin diplomatiyasından bəhs edilmişdir.
Dərslikdən ali təhsilin bütün səviyyələrində təhsil alan tələbələr, magistrlər,doktorantlar, gənc tədqiqatçılar və Avropa tarixi ilə maraqlananlar istifadə edə bilərlər.