Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Türkiyənin Yunus Emre İnstitutu tərəfindən təşkil olunan Arxeoloji Yay Məktəbində iştirak etmişdir.
Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müəllimi Günay Bayramova Türkiyənin Yunus Emre İnstitutu tərəfindən təşkil olunan Arxeoloji Yay Məktəbində iştirak etmişdir.
İyul ayında keçirilən bu proqram çərçivəsində iştirakçılar Türkiyənin qədim tarixi, zəngin arxeoloji irsi, çoxşaxəli mədəniyyəti və incəsənəti ilə yaxından tanış olmaq imkanı əldə etmişlər.
Yay məktəbinin proqramına Çanaqqala, İzmir, Qaziantep, Şanlıurfa, Ankara və İstanbul şəhərlərinə elmi səfərlər, həmçinin Göbəklitəpə, Teos, Efes, Karahantəpə, Troya, Zeugma və Gordion kimi dünya miqyasında tanınmış arxeoloji abidələrə ziyarətlər daxil edilmişdir. Bu arxeoloji abidələr Neolit dövründən Roma dövrünə qədər uzanan zaman kəsiyində insan fəaliyyətinin, dini və mədəni həyatın izlərini ortaya qoyan əhəmiyyətli arxeoloji sahələrdir. Tədbirdə Polşa, Hindistan, Misir, Efiopiya, Tunis, Danimarka, Kanada, Meksika, Makedoniya, Gürcüstan, Rusiya, Qazaxıstan, Ukrayna, İran, Albaniya və Azərbaycan da daxil olmaqla 20-dən artıq ölkəni təmsil edən arxeoloq, tarixçi, epiqraf və numizmat alimlər iştirak etmişdir.
Proqram çərçivəsində iştirakçılar ümumilikdə 20-yə yaxın muzey, 10-dan artıq iri qazıntı sahəsi ilə tanış olmuş, Bosfor körfəzi və Mərmərə dənizində təşkil edilən turda iştirak etmiş, eləcə də “İrfan Sofrası” kimi mədəni tədbirlər vasitəsilə Türkiyənin zəngin irsinin müxtəlif qatlarını müşahidə etmişlər.
Yay məktəbinin bağlanış mərasimində Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy və Yunus Emre İnstitutunun rəhbəri Prof. Dr. Abdurrahman Aliy iştirak etmişdir. Tədbirdə “Sarı gəlin” mahnısının müşayiəti ilə nümayiş etdirilən Azərbaycan milli rəqsi böyük maraq doğurmuşdur. Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunmuş, gələcək elmi əməkdaşlıqlar üçün möhkəm zəmin yaradılmışdır.