Tarix fakültəsində Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş elmi seminar keçirilmişdir
-lg.jpg)
20 noyabr 2025-ci il tarixində Tarix fakültəsində akademik 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş elmi seminar keçirilmişdir. Seminarın açılışında ilk olaraq, Azərbaycan Respublikasının himni səsləndirilmiş və şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Giriş sözü ilə elmi seminarı açıq elan edən tarix fakültəsinin Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova bütün respublikamızda olduğu kimi Bakı Dövlət Universitetində də, Zəfər günü ilə bağlı silsilə tədbirlər keçirilməsinin əhəmiyyətini qeyd edərək, fakültənin də bu ənənəyə sadiq qaldığını bildirdi. K. Nəcəfova Tarixi qələbənin şərtləndirən amilllərin Müzəffər Ali Baş Komandanın iradəsi, “Dəmir yumruq”dan ilhamlanan xalqın əzmi, xalq-iqtidar birliyi, dövlətin iqtisadi gücü və müasir ordu quruculuğu olduğunu vurğuladı.
Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “Qalib xalq adını özümüzə qaytaran tarixi qələbə” adlı mövzu ətrafında geniş məruzə etdi. Məruzədə Azərbaycanın əzəli torpağı olan Qarabağın ən qədim çağlardan müasir dövrə kimi tarixinə ümumi bir nəzər salındı, Qarabağın ərazisi, əhalisi, inzibati-ərazi bölgüsü, sosial-iqtisadi vəziyyəti və siyasi həyatı, o cümlədən XX əsrin 20-ci illərində Azərbaycan SSR-in tərkibində qondarma DQMV-nin yaradılması və bunun ağır nəticələri ilk mənbələr, arxiv sənədləri və mövcud ədəbiyyatlar əsasında geniş şəkildə təhlil olundu, ermənilərin Qarabağın dağlıq hissəsini Azərbaycandan ayırmaq üçün irəli sürdüyü ərazi iddialarının əsassızlığı mötəbər mənbələr əsasında seminar iştirakçılarına çatdırıldı. Elmi seminarda XX əsrin 80-90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, Birinci Qarabağ savaşı və onun nəticələri, Azərbaycanın ərazisinin böyük bir hissəsinin təcavüzkar Ermənistan dövləti tərəfindən işğal olunması, Ermənistanda və Qarabağ bölgəsində azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və soyqırım siyasəti, dinc əhaliyə qarşı terror, mədəniyyət abidələrimizə qarşı vandalizm aktları, ATƏT-in Minsk qrupunun münaqişənin həlli sahəsində səmərəsiz fəaliyyəti və s. nəzərdən keçirildi.
Elmi seminarın əsas hissəsi 2020-ci ildə zəfərlə başa çatan Vətən müharibəsinə həsr olundu. Məruzədə İkinci Qarabağ müharibəsinin başlanması, "Dəmir yumruq" əməliyyatının həyata keçirilməsi, Ermənistanın müharibədə hərbi və siyasi iflası, misli görünməmiş Şuşa əməliyyatı, Azərbaycan torpaqlarının qəhrəman ordumuz tərəfindən işğaldan azad edilməsi, müharibə dövründə Prezident İlham Əliyevin diplomatik sahədə əldə etdiyi böyük uğurlar, dost dövlətlərin Azərbaycana dəstəyi və digər ölkələrin müharibəyə münasibəti, 44 günlük savaş zamanı beynəlxalq təşkilatların mövqeyi, dünya mediasında müharibənin əks olunması, Ermənistanı təslim olmağa vadar edən 10 noyabr Bəyanatı, postmünaqişə dövründə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycan-Türkiyə qardaşlığı və Şuşa Bəyannaməsi, "Böyük qayıdış" planına uyğun olaraq Qarabağın, mədəniyyətimizin paytaxtı elan edilən Şuşa şəhərinin və işğaldan azad edilən digər şəhər və rayonlarımızın, kəndlərimizin dirçəldilməsi ilə bağlı bərpa-quruculuq işləri və qayıdış kimi çox mühüm taleyüklü məsələlər işıqlandırıldı.
Seminarda Tarix fakültəsinin professor-müəllim heyəti, doktorant və tələbələr, AMEA Tarix və Etnologiya İnstitutunun əməkdaşları iştirak etdilər.