Tarix fakültəsində ustad dərsi keçirilmişdir
-lg.jpg)
17 noyabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində AMEA Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan–Yaponiya və Azərbaycan–Danimarka beynəlxalq arxeoloji ekspedisiyalarının üzvü, Xəzər Universitetində Tarix və Arxeologiya departamentinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədov tərəfindən “Azərbaycanda paleolitşünaslığın inkişaf tarixi: nailiyyətlər, problemlər və qarşıda duran vəzifələr” mövzusunda ustad dərsi keçirilmişdir.
Bakı Dövlət Universitetinin Tarix fakültəsi tərəfindən təşkil olunan tədbirdə Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri prof. Tarix Dostiyev, müəllim Günay Bayramova və Tarix müəllimliyi ixtisasında təhsil alan birinci kurs tələbələri iştirak etmişdir.
Ustad dərsində Azərbaycan ərazisində paleolit dövrünə dair tədqiqatların başlanması, formalaşma mərhələləri, bu sahənin araşdırma metodları və əldə olunmuş əsas elmi nəticələr geniş şəkildə müzakirə olunmuşdur. Ölkənin mühüm daş dövrü abidələri - Azıx, Tağlar və Damcılı mağara düşərgələrində Azərbaycan-Yaponiya və Azərbaycan–Danimarka arxeoloji ekspedisiyalarının son araşdırmalarının nəticələri iştirakçıların diqqətinə çatdırılmış, bu abidələrin Qafqaz regionunun qədim tarixinin öyrənilməsində rolu vurğulanmışdır. Tədbirin sonunda t.ü.f.d. Yaqub Məmmədov tələbələrin suallarını cavablandırmışdır.
Ustad dərsi tələbələrin elmi dünyagörüşünün genişlənməsinə töhfə vermişdir. Azərbaycanın ən qədim tarixinin öyrənilməsində qədim daş dövrü üzrə aktual problemlərin araşdırılmasının əhəmiyyəti vurğulanmış və bu sahənin dərk olunmasına şərait yaratmışdır.