Tarix fakültəsində ustad dərsi keçirilib
5 iyul 2021-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində əməkdaşların, doktorant və magistrantların iştirakı ilə “Qarabagın dini – memarlıq kompleksləri” mövzusunda Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Qənirə Pirquliyevanın onlayn ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə açan Tarix fakültəsi Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova “İşğaldan azad olmuş Qarabağın tarixi abidələri” və “Alban memarlıq abidələri” mövzusunda fakültədə elmi seminar və ustad dərslərinin ardıcıl şəkildə keçirildiyi haqda məlumat verdi. K.Nəcəfova bildirdi ki, bu kimi elmi tədbirlərin keçirilməsində əsas məqsəd ölkəmizdə və bütün dünyada davam edən pandemiya şəraitində işğaldan azad olmuş Qarabağın tarixinin dərindən və hərtərəfli öyrənilməsi üçün bu bölgəyə aid arxeoloji, numizmatik, epiqrafik və digər dəqiq elmi mənbə və materialların vahid milli konsepsiya əsasında birləşdirilərək yenidən işlənməsini və gələcəkdə ayrıca bir kitab şəklində nəşr olunması üçün fakültənin zəngin elmi potensialının səfərbər edilməsini təmin etməkdir.
Qənirə Pirquliyeva məruzəsində bildirdi ki, Azərbaycanın dünya çapında tanınan memarlıq məktəblərindən biri olan Qarabağın həm də özünəməxsus dini komplekləri olmuşdu. Bu komplekslər əsasən təkallahlıqla bağlı olaraq, xristianlıq və islam dini ilə əlaqəli yerli memarlar tərəfindən erkən orta əsrlərdən başlayaraq, XIX əsrin sonları-XX əsrin ilk onilliklərində yaradılmışlar. Xristianlıqla əlaqəli olan komplekslər bir və iki nefli xristian kilsələri olaraq, bəzən böyük bir kompleklər şəklində yerli inşaat materialları vasitəsilə tikilmiş və bütün mühüm memarlıq elementlərini özündə əks etmişlər.Tarixin sonrakı yüzilliklərində islamın yayılması zamanı eyni yerli inşaat materiallarından yararlanan memarlar,həkkaklar, ustalar artıq klassik üslub saxlanılmaqla-yəni məscidlər, minarələr, mədrəsələr, külliyyatlar, türbələr və digər tikililər inşa etmişlər. Bəzən kilsələr üzərində bəzi dəyişikliklər edərək məscidlərə çevirmişlər. Azərbaycan ərazisində unikal dini kompleks tiplərindən “imarət” adlı tikililərin erkən vətəni də Qarabağdır. Bu tikililərin demək olarki, hər biri yalnız özlərinə aid kitabələrlə bəzədilmişlər. Kitabələrdə yazılar dini xarakterli olaraq, müsəlmanların müqəddəs kitabı Qurani Kərimdən müvafiq surələr, yaxud ayələr olmaqla, həm də tikili haqqında geniş məlumatlara malik olmuşlar.
Ümumazərbaycan-türk memarlıq quruluşlarından kəskin fərqlənməyən bu tikililərin əsas özəlliyi onların ölçülərində, divarların interyer və eksteryerinin bəzədilməsində və digər mühüm məsələlərdə özünü göstərmişdi.Ayrıca qeyd etmək lazımdır ki, Qarabağın geostrateji mövqeyi səbəbindən burada orta əsrlərdə xeyli sayda sufi təriqətlərinin yaradıcıları, davamçılarına aid olan tikililərgeniş yayılmışdı. Əsasən xanəgahlarda təbliğatla məşşğul olan bu dərvişlər həm də buradan keçən beynəlxalq ticarət yolunun üstünlüklərindən kifayət qədər yararlanmış və əksər hallarda həm də bütün vergilərdən azad edilərək, ticarətlə də məşğul olmuşlar. Bəlkə də dilimizdə hələ də geniş istifadə edilən “həm ziyarət, həm ticarət” kəlməsinin mahiyyətində məhz bu dərvişlərin həm də bu kompleklərdə müəyyən iqtisadi münasibətlər vasitəsilə ideyalarını yaymaq olmuşdu. Master dərsdə işgaldan azad olmuş Qarabağın memarlıq – dini kompleksləri ətraflı təhlil olundu və gələcəkdə bu istiqamətdə görüləcək elmi – təşkilati işlər ətrafında müzakirələr oldu.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələlə yadda qaldı.