Tarix fakültəsində “Türk dünyasının təhlükəsizliyinə mövcud təhdidlər: informasiya təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilmişdir
-lg.jpg)
27 fevral 2026-cı il tarixində “Türk xalqları tarixi kafedrası”nın təşkilatçılığı ilə AR Medianın inkişafı agentliyinin icraçı direktorunun müavini, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədlinin təqdimatında “Türk dünyasının təhlükəsizliyinə mövcud təhdidlər: informasiya təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Türk xalqları tarixi kafedrasının professor-müəllim heyəti, doktorantarı, həmçinin Tarix fakültəsi əməkdaşları iştirak ediblər. Dəyirmi masada müasir dünyada təhlükəsizlik problemləri, təhlükəsizliyin səviyyələri, xüsusilə də informasiya təhlükəsizliyi məsələləri müzakirə edilib. Qeyd edilib ki, günümüzün ən aktual məsələlərindən biri olan informasiya təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlət tərəfindən məqsədyönlü siyasət həyata keçirilməkdədir. Azərbaycan həm ölkə daxilində, həm türk dövlətləri ilə ikitərəfli formatda, həm də Türk dövlətləri təşkilatı çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsində fəal iştirak edir.
İkitərəfli əməkdaşlıq çərçivəsində Türkiyə ilə 2021-ci ildə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumu imzalanmış, Türkiyə-Azərbaycan Ortaq Media Platforması yaradılmışdır. Qazaxıstan Respublikası ilə 2022-ci ildə Azərbaycanın Medianın İnkişafı Agentliyi ilə Qazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu imzalanmış; 2025-ci ildə Özbəkistan Respublikası Prezident Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi ilə əməkdaşlığa başlanmışdır. Bununla da ölkələr arasında media əməkdaşlığı strateji səviyyəyə çıxarılmış, birgə xəbər yayımını və məlumat axınını asanlaşdıran strukturlar yaradılmışdır.
Türk dövlətləri təşkilatının rəhbərliyi ilə ümumilikdə Türk dövlətləri arasında media və informasiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi istiqamətində də bir sıra tədbirlər həyata keçirilməkdədir. Azərbaycan və Türkiyənin öncüllük etdiyi, digər türk dövlətlərinin iştirakı ilə inkişaf etdirilən bu əməkdaşlıq media və kommunikasiya sahəsində ortaq dəyər və məqsədlər ətrafında birləşərək, türk dünyasının qlobal arenada daha güclü birlik və həmrəylik nümayiş etdirməsinə imkan verməkdədir.
Daha sonra Türk xalqları tarixi kafedrasının müdiri, professor Əsməd Muxtarova, professor İsmayıl Məmmədov, dosent Sevinc Ruintən, dosent Turan Axundova, “Dünya azərbaycanlıları: tarixi demoqrafiya” ETL-in müdiri, dosent Səidə Quliyeva, “Azərbaycanın maddi mədəniyyət tarixi” ETL-in əməkdaşı, elmi işçi İlham Məmmədov müzakirələrdə iştirak ediblər.