Tarix fakültəsində “Tatar-monqolların tarixdə yeri və rolu” mövzusunda elmi seminar keçirilmişdir

Mayın 6-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının professoru, tarix elmləri doktoru İsmayıl Məmmədovun “Tatar-monqolların tarixdə yeri və rolu” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarın əsas məqsədi əvvəllər tatar-monqol, monqol-tatar, hazırki kitablarda monqollar adlandırılan toplumun əsl, düzgün adının nə olduğu, bunların türk xalqlarına, o cümlədən Azərbaycan xalqına nə dərəcədə bağlı olduğunu üzə çıxarmaq olmuşdur. Seminar çərçivəsində Monqol dövlətini yaradan hərbi qüvvənin mütləq əksəriyyətinin türk tayfaları olduğu, onların ümumi Tatar adlandrıldığı qeyd olunub. Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Türk xalqları kafedrasının müdiri prof. Əsməd Muxtarova elmi seminarın mövzusunun aktuallığı haqqında qısa məlumat verdi, bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi. İsmayıl Məmmədov mövzunun aktuallığı haqqında danışarkən qeyd etdi ki, geniş ərazilər fəth etmiş və dövlətlər yaratmış tatar-monqolların tarixdəki yeri və rolu tarixən müxtəlif dövlətlərin siyasətinə uyğun şəkildə saxtalaşdırılıb. Tatar-monqolların tarixinə obyektiv şəkildə baxmağa ehtiyac var. Belə ki, Çingiz xanın yaratdığı imperiyanın əsasını qoyan 4 tayfa monqol deyil, kiyat, kerey, nayman və merkit adlı türk tayfaları olmuşlar.
Elmi seminarda mövzu üzrə iştirakçılar arasında müzakirələr aparılmış, tatar-monqolların tarixinə olan qərəzli yanaşmaların arxasındakı səbəblər vurğulanmışdır. Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarovanın, Fərqanə Dövlət Universitetinin dosenti Şohodotxon Ohunjonovanın, dosent Sənubər İsmayılova və Elmar Axundovun iştirakı ilə aparılan müzakirələr bir daha göstərdi ki, tatar-monqolların tarixi roluna ideoloji çərçivələrdən kənar, mənbəşünaslıq və müqayisəli tarixi metodlara əsaslanan obyektiv yanaşma həm Orta Asiya, həm də türk xalqlarının etnogenez və dövlətçilik tarixinin düzgün anlaşılması baxımından mühüm elmi əhəmiyyət daşıyır.