Tarix fakültəsində “Tarixi kontekstdə elm və bilik istehsalının funksiyaları” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
Martın 13-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Elm günü”nə həsr olunmuş “Tarixi kontekstdə elm və bilik istehsalının funksiyaları” mövzusunda elmi seminar keçirilib.
Elmi seminarın mövzusunun aktuallığı və əhəmiyyəti haqqında məlumat verən Asiya və Afrika ölkələri tarixi kafedrasının müdiri İqbal Ağayev bildirib ki, elmi seminarın əsas məqsədi bilik istehsalının heç bir zaman siyasi kontekstdən təcrid olunmamasını aşkarlamaq və onun əsas funksiyalarını müzakirə etməkdir. Müasir tədqiqatçı üçün əsas vəzifə elmi həqiqəti siyasi instrumentalizasiyadan qorumaq və bilik istehsalını etik məsuliyyət prinsipləri ilə qurmaqdır. Tarix artıq yalnız siyasi hadisələrin təsviri ilə məhdudlaşmır, o, insanı, cəmiyyəti, mədəniyyəti, mentaliteti və tarixi təcrübənin müxtəlif formalarını araşdıran mürəkkəb, çoxşaxəli elmi sahəyə çevrilir.
Elmi seminarda Asiya və Afrika ölkələri tarixi kafedrasının müəllimi t.ü.f.d.Bircə Bayramovanın məruzəsi dinlənilib. Məruzəçi bildirib ki, "bilik-hakimiyyət" simbiozu kontekstində elm, sadəcə obyektiv həqiqətin aşkarlandığı platforma deyil, həm də siyasi qərarların legitimliyini təmin edən alətdir. Tarixi perspektivdə kartoqrafiya, statistika və demoqrafiya kimi intellektual sahələrin inkişafı, birbaşa dövlətin ərazisini və əhalisini idarəolunan hala gətirmək maraqlarına xidmət edir. Tarixən bilik istehsalının siyasi funksiyası elmi paradiqmaların formalaşmasında, ekspertokratiyanın təşəkkülündə və ideoloji hegemonluğun bərqərar olmasında həlledici rol oynayıb. Məruzəçi tərəfindən elmi metodların dövlət idarəçiliyinə yönəldilməsi resursların daha düzgün və effektiv bölgüsünə yol açıldığı qeyd edilib.
Seminarın gedişatı interaktiv və tələbəyönümlü yanaşma şəklində qurulmuşdur. Seminar boyu Elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova, tədris işləri üzrə dekan müavini Aytən Abbasova-Quliyeva, Asiya və Afrika ölkələrinin kafedrasının dosentləri Atamoğlan Məmmədli və Gunel Əliyeva, Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti Məmmədağa Baxışov tərəfindən aktiv fikir mübadiləsi aparılıb. Xüsusi maraq doğuran məqamlardan biri iştirakçılara təqdim olunan 4 düşündürücü sualın yer aldığı zərflər olub. TM122-ci qrupun tələbələrinin (Məmmədova Nərmin, Bağırzadə Duyğu, Quluzadə Nuran, Əmirli Zəhra, Qarayeva Nuray, Məmmədova Nuray, Əliyeva Elnarə, Vəliyeva Nurcan, Qasımova Günel və Məmmədova Gülnar) bu suallara verdiyi cavablar auditoriya qarşısında oxunaraq müzakirə olunub.
Seminarın elmi yükünü daha effektiv şəkildə həyata keçirmək, tarixi açarları və konseptual sxemləri birlikdə birləşdirərək müzakirə olunan məsələlərin vizual qavranılması məqsədilə məruzəçi Bircə Bayramova tərəfindən əvvəlcədən xüsusi bələdçi-bukletlər hazırlanıb. Diskussiya platformasına çevrilən və fakültənin professor-müəllim heyətinin, tələbələrin iştirakı ilə iki saata yaxın davam edən elmi seminar maraqlı müzakirələrlə yadda qalıb.