Tarix fakültəsində “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib
-lg.jpg)
16 mart 2026-cı il tarixində Tarix fakültəsinin Arxeologiya və etnoqrafiya kafedrasında “Sülh və gündəlik həyat: antropoloji baxış” mövzusunda elmi seminar keçirilib. Seminarın əsas mövzusu haqqında məlumat verən seminarda Arxeologiya və etnoqrafiya kafedrasının müdiri professor Tarix Dostiyev bildirib ki, tarix boyu insanlar, icmalar, tayfalar və dövlətlər arasında baş verən münaqişə və müharibələrin səbəbləri, onların cəmiyyətlərin sosial və mədəni həyatına təsiri antropoloji baxımdan təhlil edilmişdir. Qeyd olunmuşdur ki, cəmiyyətlər arasında təcavüz meyillərinin yaranma səbəbləri insan təbiətindən başlayaraq iqtisadi və siyasi maraqlara qədər geniş spektri əhatə edir.
Elmi seminarda AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Antropoloji mərkəz” şöbəsinin müdiri, antropologiya elmləri doktoru, professor Əliağa Məmmədlinin məruzəsi dinlənilib. Məruzədə vurğulanmışdır ki, müharibə və hərbi münaqişələr insanların həyatında ciddi problemlər yaradır. Bu problemlər sırasında fiziki itkilər, sağlamlıq problemləri, psixoloji travmalar, sosial və ailə çətinlikləri, iqtisadi tənəzzül, yoxsulluq və məcburi köçkünlük kimi hallar xüsusi yer tutur. Müharibə və sülh dövrlərinin müqayisəsi göstərir ki, sülh və əmin-amanlıq dövrü insanların sosial rifahı və inkişafı baxımından daha üstün mövqedə dayanır. Bununla yanaşı qeyd olunmuşdur ki, müharibələrin insanların həyatına vurduğu ziyanın aradan qaldırılması çox zaman uzun illər tələb edir.
Seminarda həmçinin münaqişə və sülh antropologiyasının əsas istiqamətləri haqqında məlumat verilib. Bildirilib ki, bu sahə müharibə, zorakılıq və dinc yanaşı yaşama kimi hadisələri təcrid olunmuş proseslər kimi deyil, mədəniyyətə, sosial münasibətlərə və gündəlik həyat təcrübələrinə dərin şəkildə bağlı olan sosial-mədəni proseslər kimi araşdırır. Antropoloqların münaqişələrin vasitəçilik yolu ilə həllində və münaqişədən sonrakı yenidənqurma prosesində əldə etdikləri təcrübə bu sahənin mühüm istiqamətlərindən biri kimi qiymətləndirilib, qeyd edilib ki, antropoloji yanaşmaya görə sülh təkcə müharibənin olmaması deyil, həm də davamlı mədəni bərpa və yerli ictimai iştirak tələb edən aktiv sosial prosesdir.
Məruzədə II Qarabağ müharibəsinin nəticələrinin Azərbaycan xalqının milli özünüdərk prosesində və kimlik hissinin möhkəmlənməsində mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirildiyi vurğulanmış, sosial və mədəni antropoloqlar qarşısında münaqişə, sülh və cəmiyyətin transformasiyası ilə bağlı məsələlərin elmi baxımdan araşdırılması mühüm vəzifələrdən biri kimi qeyd edilmiş və belə bir qənaətə gəlinmişdir ki, münaqişə və sülh məsələlərinin antropoloji aspektdən öyrənilməsi müasir dövrdə sosial elmlər qarşısında duran aktual istiqamətlərdən biridir.
Elmi seminarda Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini Kəmalə Nəcəfova, müəllimlər Rəna İbrahimova, Hicran Mahmudova, Fəxriyyə Həvilova, Əmanət Əsədova, Günay Bayramova, elmi işçi İlham Məmmədov, böyük laborant Elşad Bağırov, kafedranın magistrantları iştirak ediblər. Elmi seminar məruzəyə dair çıxışlarla davam edib.