Tarix fakültəsində “Bahar konserti” adlı tədbir keçirilib
-lg.jpg)
18.03.2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsi Tələbə Gənclər Təşkilatı və Tarix fakültəsinin nəzdində fəaliyyət göstərən İstiqlal” klubunun birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar konserti” adlı tədbir keçirilib. Tədbir milli-mənəvi dəyərlərimizin yaşadılması, tələbələrin yaradıcılıq potensialının üzə çıxarılması və bayram ruhunun paylaşılması baxımından xüsusi əhəmiyyət kəsb edib.
Tədbiri giriş nitqi ilə açan Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov Novruz bayramının xalqımızın ən qədim və zəngin ənənələrə malik bayramlarından biri olduğunu vurğulayıb və professor-müəllim heyətini, tələbələri Novruz bayramı münasibətilə təbrik edib. O, çıxışında Novruzun yalnız təbiətin oyanışı deyil, həm də milli birliyin, həmrəyliyin və yenilənmənin rəmzi olduğunu qeyd edib. Professor bayramın adət-ənənələrindən geniş bəhs edərək, xalqımızın əsrlər boyu bu bayramı böyük sevinc və coşqu ilə qarşıladığını diqqətə çatdırıb.
Ardınca Tarix fakültəsinin I kurs tələbəsi Amil Orucov çıxış edərək “Ərgənəkon” dastanına istinadla Novruz bayramının qədim türk dünyası ilə bağlılığından söz açıb. O, Novruzun milli kimliyimizin formalaşmasında mühüm rol oynadığını və bu bayramın türk xalqlarının ortaq mədəni irsinin ayrılmaz hissəsi olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsi isə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Tarix fakültəsinin istedadlı tələbələri səhnədə bir-birindən gözəl ifalar təqdim ediblər. Dilruba Hidayətli “Novruz bayramınız mübarək olsun” və “Qadan mən alım” mahnıları ilə çıxış edərək bayram ovqatını daha da yüksəldib. Nigar Əsgərzadə “Chery-chery Lady” və “Məhəbbətin çırağında” mahnıları ilə dinləyicilərə xoş anlar yaşadıb. Natiqə Ələkbərova isə “Novruz bayramınız mübarək olsun” ifası ilə tədbirə xüsusi rəng qatıb.
Rəqs nömrəsi ilə çıxış edən Zəhra Hüseynli “Uzundərə” rəqsini məharətlə ifa edərək milli musiqimizin ritmlərini səhnədə canlandırıb və tamaşaçıların böyük rəğbətini qazanıb.
Tədbirin sonunda BDU tələbələri Nəzrin Abdullayeva, Əliyev Simur və Anar Almas müxtəlif musiqi nömrələri ilə çıxış edərək konsert proqramına dinamik və şən ab-hava bəxş ediblər. Onların ifaları tədbirin kulminasiya nöqtəsinə çevrilərək zalda əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Tədbir zamanı Arxeologiya və etnoqrafiya kafedrasının nəzdində fəaliyyət göstərən “Etnoqrafiya” dərnəyinin rəhbəri Rəna İbrahimovanın təşkilatçılığı ilə təşkil edilmiş I kurs tələbələrinin hazırladığı Novruz xonçaları nümayiş olunub.
Tədbir bir daha göstərdi ki, gənclərimiz milli dəyərlərimizə böyük ehtiramla yanaşır, onları yaşadır və gələcək nəsillərə ötürmək üçün fəal şəkildə çalışırlar.