Tarix fakültəsində Şuşa şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib.
-lg.jpg)
05.11.2025-ci il tarixində Bakı Dövlət Universiteti (BDU) Tarix fakültəsində Şuşa şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümünə həsr olunmuş xüsusi dərs keçirilib. Dərs Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri, dosent Mehman Abdullayev tərəfindən aparılıb. Dosent Mehman Abdullayev çıxış edərək Şuşanın tarixi, mədəni və strateji əhəmiyyətindən söz açıb. O, Şuşanın XVIII əsrdə Qarabağ xanlığının siyasi və mədəni mərkəzi kimi formalaşmasını, şəhərin Azərbaycan mədəniyyətinin beşiyi olaraq dahi şəxsiyyətlər yetişdirməsini vurğulayıb. Müəllim həmçinin Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad edilməsinin Azərbaycanın hərb tarixi və milli kimliyi üçün dönüş nöqtəsi olduğunu qeyd edərək Ali Baş Komandanın rəhbərliyi və Azərbaycan Ordusunun şücaəti nəticəsində əldə olunan bu Qələbənin dövlətçilik tariximizdə xüsusi yer tutduğunu bildirib. Dərs zamanı Qarabağ döyüşlərinin gedişi, Şuşa əməliyyatının taktiki xüsusiyyətləri, eləcə də qələbədən sonra şəhərdə aparılan bərpa və quruculuq işləri haqqında məlumat verilib. Tədbirdə tələbələr mövzu ilə bağlı suallar səsləndirib və Şuşanın gələcəkdə Azərbaycan gəncliyinin elmi, mədəni və ictimai fəaliyyətində necə rol oynaya biləcəyi müzakirə olunub. Sonda dosent Mehman Abdullayev azad Şuşanın Azərbaycan kimliyinin rəmzi olduğunu bildirərək tələbələri ölkəmizin tarixi irsinin öyrənilməsi və təbliği istiqamətində daha fəal olmağa çağırıb.