Tarix fakültəsində “Qazaxıstan və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı tarixi köklər və müasir perspektivlər” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
Aprelin 29-da Bakı Dövlət Universitetinin Tarix fakültəsində Türk xalqları tarixi kafedrasının doktorantı Şükürlü Əsmərin “Qazaxıstan və Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı tarixi köklər və müasir perspektivlər” mövzusunda elmi seminarı keçirilmişdir. Seminarın əsas məqsədi Qazaxıstan Respublikası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin tarixi əsaslarını araşdırmaq, bu əməkdaşlığın formalaşma mərhələlərini elmi kontekstdə təhlil etmək və müasir dövrdə inkişaf perspektivlərini müzakirə etmək olmuşdur. Seminar çərçivəsində iki qardaş xalq arasında ortaq mədəni irsin, mənəvi dəyərlərin və tarixi yaddaşın əməkdaşlığın dərinləşməsində oynadığı rol ön plana çəkilmişdir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Türk xalqları tarixi kafedrasının müdiri prof. Əsməd Muxtarova elmi seminarın mövzusunun aktuallığı haqqında qısa məlumat verdi, bu tip tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.
Şükürlü Əsmər mövzunun aktuallığı haqqında danışarkən qeyd etdi ki, tarix boyu hər iki ölkə arasında mədəni və ədəbi əlaqələr mövcud olmuşdur. Mədəniyyət sahəsində əməkdaşlığın gücləndirilməsi gənc nəsillərin birləşməsinə kömək edir. Hər iki ölkədə qədim ənənələri və mədəni dəyərləri əks etdirən Novruz bayramı ilə bağlı Qazaxıstan və Azərbaycan şəhərlərində birgə tədbirlər, sərgilər, folklor proqramları təşkil olunur. Qarabağın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində Qazaxıstanın fəaliyyəti xüsusi vurğulandı, Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi iki ölkə arasında mədəni əməkdaşlığın simvolu kimi qeyd edildi.
Elmi seminarda Türk xalqları tarixi kafedrasının müdiri Əsməd Muxtarova, dosent Sevinc Ruintən, dosent Turan Avundova çıxış etdilər. Mövzu üzrə iştirakçılar arasında müzakirələr aparılmış, iki ölkə arasında mədəni əməkdaşlığın institusional əsaslarının gücləndirilməsi, ortaq elmi tədqiqatların və mədəni layihələrin genişləndirilməsi, tarixi-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində birgə fəaliyyətin zəruriliyi vurğulanmışdır. Tələbələrin də iştirak etdiyi müzakirələr zamanı Azərbaycan–Qazaxıstan mədəni münasibətlərinin qədim türk sivilizasiyasına, ortaq etnik-mədəni köklərə, dil və adət-ənənə yaxınlığına əsaslandığı vurğulanmışdır. İştirakçılar tərəfindən orta əsrlərdən başlayaraq klassik ədəbiyyat, folklor, musiqi və elmi-mədəni mübadilələr kontekstində iki xalq arasında formalaşmış qarşılıqlı təsir məsələləri təhlil edilmişdir. Seminar iştirakçıları bu sahədə əməkdaşlığın yalnız ikitərəfli deyil, ümumilikdə Türk dünyasının inteqrasiya proseslərinə mühüm töhfə verdiyini qeyd etmişlər.