Tarix fakültəsində növbəti Elmi seminar keçirilib
24 aprel 2021-ci il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində fakültə dekanlığının təşkilatçılığı ilə “Qədim dünya və orta əsrlər tarixi” kafedrasının “24 aprel soyqırımı” erməni uydurmasıdır” adlı elmi seminarı keçirilmişdir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Kəmalə Nəcəfova erməni yalanları və saxtakarlığının tarixi kökləri, əsl soyqırıma məruz qalan azərbaycanlı əhali haqqında danışdı və 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Şanlı qələbəsi ilə bütün şəhidlərin qisasının alınmasından və onun tarixi əhəmiyyətini qeyd etdi, karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların, magistrantların elmi fəaliyyətinin stimullaşdırmaqdan ibarət olduğunu bildirdi.
Elmi seminarda Qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri, akademik Yaqub Mahmudov “24 aprel soyqırımı” erməni uydurmasıdır” mövzusunda məruzə ilə çıxış etmişdir. Akademik Yaqub Mahmudov öz məruzəsində tutarlı faktlarla, çoxsaylı arxiv sənədləri əsasında “ermənilərə qarşı qondarma soyqırımı” haqqında yalanları ifşa etdi. Məruzəçi antik dövrdən başlayaraq orta əsrlər – Ərəb xilafəti, Səlcuq, Xaç yürüşləri, Səfəvi və Osmanlı dövrlərində ermənilərin öz xarici havadarlarına arxalanaraq türk-müsəlman əhaliyə qarşı dəfələrlə riyakarcasına törətdikləri soyqırımları, xəyanəti tutarlı faktlarla sübut etdi. Məruzəçi XVIII-XIX əsrlərdə Qafqazın, o cümlədən Azəbaycanın Rusiya imperiyası tərəfindən işğalı zamanı ermənilərin bu şəraitdən necə öz maraqlarını təmin etmək planlarını, Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması məqsədilə, türk-müsəlman əhalisinə qarşı qırğınların törədilməsini faktlarla göstərmişdir. Məruzəçi ermənilərin onlara hər cür diqqət göstərmiş, dövlət və ordu işində ermənilərə xüsusi yer ayırmış Osmanlı dövlətinə və hökümətinə necə xəyanət etdiklərini, Birinci dünya müharibəsi dövründə Osmanlı dövlətinin düşmənlərinin yanında yer alaraq üsyanlar qaldırmasını və türk – müsəlman əhaliyə qarşı qırğınlar törətməsini faktlarla dinləyicilərə təqdim etdi.
Akademik Yaqub Mahmudov müasir beynəlxalq münasibətlərdəki ikili standartlara xüsusi diqqət çəkərək, tarixçilərimizi real tariximizi kimlərəsə ümid etmədən, öz daxili gücümüzlə, imkanlarımızla araşdırmağa çağırdı. Bununla bağlı akademik Yaqub Mahmudov seminar iştirakçılarına Ulu Öndər Heydər Əliyevin XIX –XX əsrlər tariximizin yenidən işlənməsi haqda tövsiyyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulamışdır. Yaqub Mahmudovun əhatəli və dərin təhlil əsasında qurduğu mühazirə iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.
Elmi seminarın sonunda fakültə rəhbərliyi və əməkdaşları akademik Yaqub Mahmudova dərin məzmunlu məruzəsinə görə öz təşəkkürlərini bildirdilər. 250 iştirakçı (professor-müəllim heyəti, doktorant, tələbə və magistrlər) ilə “Microsoft Teams” platforması üzərindən təşkil olunmuş elmi seminar maraqlı müzakirələlə yadda qaldı.