Tarix fakültəsində “Müasir dövrdə Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır” mövzusunda elmi seminar keçirilmişdir
-lg.jpg)
27 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Tarix fakültəsində “Müasir dövrdə Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır” mövzusunda elmi seminar keçirilmişdir.
Seminar iştirakçılarını salamlayan Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev mövzunun aktuallığı və elmi əhəmiyyəti haqqında məlumat verərək bildirdi ki, bugün Azərbaycan Respublikası regionda təhlükəsizliyin möhkəmləndirilməsi, dövlətlərarası əməkdaşlığın inkişafı və münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəal siyasət həyata keçirir. Xüsusilə, Prezident İlham Əliyevin sülh gündəliyi, ölkənin diplomatik təşəbbüsləri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və regional layihələrdə iştirakı sülh və qarşılıqlı etimad mühitinin formalaşmasına töhfə verir. Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması və dialoqun təşviqi istiqamətində göstərdiyi səylərə görə “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görülmüşdür.
Elmi seminarda Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının professoru Sevda Süleymanova eyni adlı məruzə ilə çox məzmunlu çıxış etdi. Bu məruzədə müasir dövrdə Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin qorunmasında oynadığı mühüm rol təhlil olundu. Məruzədə həmçinin Azərbaycanın həyata keçirdiyi iqtisadi və nəqliyyat layihələrinin region ölkələri arasında əlaqələri gücləndirdiyi, qarşılıqlı əməkdaşlığı gücləndirərək sabitliyə xidmət etdiyi xüsusilə vurğulandı və bildirildi ki, Azərbaycanın beynəlxalq hüquq prinsiplərinə əsaslanan siyasəti və dialoqa açıq mövqeyi Cənubi Qafqazda uzunmüddətli sülhün təmin olunmasına yönəlmiş mühüm amil kimi təqdim olunur. Qalib Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanaraq 2025-ci il avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyənnamə imzalanmışdır. Xalqımız yeni reallığa, sülh mühitində yaşamağa uyğunlaşır. Prezident İlham Əliyevin “Sülh və barışıq üçün Gernika mükafatı”na layiq görülməsi bu böyük siyasətə verilən beynəlxalq qiymətin növbəti təzahürü, Azərbaycanın regional təhlükəsizlik, inkişaf və əməkdaşlıq proseslərində aparıcı rolunun və bunun Cənubi Qafqazda sülhün qorunmasına verdiyi mühüm töhfənin göstəricisidir.
Dəyirmi masada Tarix fakültəsinin Azərbaycan tarixi (təbiət fakültələri üzrə) kafedrasının müdiri dosent Mehman Abdullayev, prof. Zabil Bayramov, prof. Sevda Süleymanova, dosent Bəymirzə Şabiyev, dosent Ülviyyə İbrahimova, dosent Arzu Məmmədova, müəllim Zəhra İslamova, müəllim Aysel Qəribova, Elmi tədqiqatların təşkili, innovasiyalar və təhlili şöbəsinin mütəxəssisi Dilarə Novruzova, “Dünya azərbaycanlıları” elmi tədqiqat laboratoriyasının müdiri t.ü.f.d., dosent Səidə Quliyeva, laboratoriyanın baş elmi işçisi Ulduz Paşayeva, Hikmət Əhmədov, Şəfayət Məmmədov, saathesabı müəllim Sevinc Məmmədova, müəllim t.ü.f.d. Səlimə Quliyeva, magistr Zəhra Şərifzadə iştirak etdilər. Dəyirmi masa iştirakçısı olan fakültə müəllimləri, laboratoriyanın elmi işçiləri və doktorantlar mövzu haqqında elmi cəhətdən mühüm bilgilər əldə etdilər.