Tarix fakültəsində “I Türkoloji qurultayda qəbul olunmuş qərarlar kontekstində müasir Türk dünyasıdaxili inteqrasiya porseslərinə baxış” mövzusunda dəyirmi masa keçirilmişdir
-lg.jpg)
Aprelin 22-də Bakı Dövlət Universitetinin Tarix fakültəsində AMEA Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının etnologiyası şöbəsinin müdiri, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədri, t.e.d. Güllü Yoloğlu, Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, t.ü.f.d. Cəbi Bəhramov, böyük elmi işçi, t.ü.f.d. Nazim Mustafa və aparıcı elmi işçi, t.ü.f.d. Elmar Məhərrəmov, Şimali Azərbaycanın XIX-XX əsrin əvvəlləri tarixi şöbəsinin müdiri, t.ü.f.d. Hacı Həsənov, Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru, t.e.d. Arif Məmmədovun iştirakı ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanın mövzusunun aktuallığı haqqında məlumat verən Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini dosent Kəmalə Nəcəfova əsas diqqəti I Türkoloji qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixli sərəncamından irəli gələn məsələlərə və bununla bağlı Tarix fakültəsində il boyu keçirilməsi nəzərdə tutulan müxtəlif aspektli elmi tədbirlərdən danışdı. Türk xalqları tarixi kafedrasının müdiri professor Əsməd Muxtarova bildirdi ki, bu günki Dəyirmi masanın Türk xalqları tarixi kafedrasında keçirilməsinin böyük əhəmiyyəti vardır. Daha sonra kafedranın professoru İsmayıl Məmmədov I Türkoloji qurultay haqqında ümumi məlumat verərək bildirdi ki, məşhur türkoloq Radlov və İsmayıl bəy Qaspıralının xatirəsinə həsr olunmuş qurultayda 131 nümayəndə iştirak etmiş, ümumilikdə 7 böyük problem müzakirə olunmuş, bu problemlərlə bağlı 17 iclas keçirilmiş, türklərin, bütövlükdə Türk dünyasının dili, tarixi, etnogenezi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyəti ilə bağlı 38 məruzə dinlənilmiş, 75 bənddən ibarət 10 qətnamə qəbul edilmişdi.
Daha sonra AMEA-nın əməkdaşları t.ü.f.d. Cəbi Bəhramov, t.e.d. Güllü Yoloğlu, t.ü.f.d. Hacı Həsənov, t.e.d. Arif Məmmədov, t.ü.f.d. Elmar Məhərrəmov, t.ü.f.d. Nazim Mustafa I Türkoloji qurultayın iclasları, qəbul edilən qərarlar, əlifba məsələsi, o cümlədən rus dilinin latınlaşdırılması cəhdi ilə bağlı məruzələrlə çıxış etdilər. Dəyirmi masanın digər iştirakçılarının da qatılması ilə keçirilən müzakirə zamanı qeyd olundu ki, I Türkoloji qurultay Türk dünyasında ortaq elmi yanaşmaların formalaşması, dil, mədəniyyət və tarix sahəsində vahid konseptual baxışın inkişafı baxımından mühüm mərhələ təşkil etmişdir. Sonrakı illərdə iştirakçılarının əksəriyyətinin repressiyalara məruz qalmasına baxmayaraq, qurultayın qərarlarının müasir dövrdə Türk dünyasıdaxili inteqrasiya proseslərinə də ideya və istiqamət verdiyi vurğulandı.
Professor-müəllimə heyətinin iştirakı ilə iki saat davam edən dəyirmi masa maraqlı müzakirələlə yadda qaldı.